Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.
AzerTimes-ın
məlumatına görə, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının
Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa
muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba
Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da
xanəndələrin repertuarlarına daxil edilib.
Xalq artisti “İnandır məni”, “Yaşa hələ”, “Sən gərək güləsən”, “Səni gözlər” kimi məşhur mahnıları səsləndirib.
1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq
artisti fəxri adlarını alıb. “Şöhrət”, “Şərəf” və “İstiqlal”
ordenləri ilə təltif olunub.
Xatırladaq ki, Xalq artistinin oğlu Seyran Məmmədov fevralın
17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xanəndənin qızı isə ötən il COVİD-19 virusundan rəhmətə
getmişdi.