Xalq artisti Əlibaba Məmmədov dəfn olunub (FOTO)

Ötən gün vəfat edən Xalq artisti Əlibaba Məmmədov dəfn
olunub.

AzerTimes-ın məlumatına görə,
mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Ə.Məmmədovun ailə üzvləri, yaxınları, eləcə də
mədəniyyət nazir Anar Kərimov, incəsənət xadimləri və ictimaiyyət
nümayəndələri iştirak edib.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını
dəyişib.

Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində
anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı
Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səsyazıları
AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və
təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil
edilib.


Xalq artisti “İnandır məni”, “Yaşa hələ”, “Sən gərək güləsən”, “Səni gözlər” kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq
artisti fəxri adlarını alıb. “Şöhrət”, “Şərəf” və “İstiqlal”
ordenləri ilə təltif olunub.

Xatırladaq ki, Xalq artistinin oğlu Seyran Məmmədov fevralın
17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xanəndənin qızı isə ötən il COVİD-19 virusundan rəhmətə
getmişdi.

Teqlər: