Xəbər - Alpər Ziya – Trend:
Çığallıq, şüvənlik və paxıllıq müxalifətin radikal kəsiminin qanına işləyib sanki. Bu vaxta qədər Qarabağ işğal altında idi və hər fürsətdə məsələni konteksdən çıxarıb istədikləri səmtə yozurdular. İndi isə Qarabağ azaddır, özü də Qüdrətli Azərbaycan ordusu onu qanı, canı bahasına azad edib. Di gəl ki, bu kəsimin ağzı düzəlmir ki, düzəlmir…
Dövlət başçısı, hətta dünya səviyyəsində elan olunur ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, radikallar isə deyir ki, yox, rus sülməramlıları hələ oradadır. Daha bir “iradları” isə guya Türkiyənin proseslərdən kənarda tutulmasıdır. Onların iddiasına görə, guya Türkiyə sülməramlı missiyadan kənarda qalıb və buna görə Azərbaycandan inciyib. Radikal müxalifətin “lideri” Əli Kərinlinin timsalında bu yanaşma olduqca gülüncdür, deyilmi?
Sanki adamın ölkədə və bölgədə baş verənlərdən xəbərsizdir. Təbii ki, xəbəri var. Sadəcə, özünə sərf edən səmt deyil. Elə ki, dövlət başçısı Dağlıq Qarabağ və ətraf bölgələrin işğal tarixini faktlarla sadalayır və bu işdə AXC-Müsavat hakimiyyətinin birbaşa əli olduğunu deyir, o zaman radikal cəbhədə qəzəbdən doğan qərəzlilik baş qaldırır. Nəticədə, yuxarıdakı kimi absurd fikirlər ortaya çıxır.
Bəyəm, Əli Kərimli rusiyalı sülməramlıların nə üçün Qarabağa yerləşdirilməsini bilmirmi? Onların fəaliyyətini və ya fəaliyyət müddətini dəqiq müddəalarla əks etdirən bəyanatdan xəbərsizdirmi? Bəlkə, Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin yaradılmasından və hazırda fəaliyyətdə olduğundan da xəbəri yoxdur? Bu, Türkiyənin birbaşa proseslərin içərisində olduğu demək deyilmi? Əlbəttə, başda Əli Kərimli olmaqla, radikallar bütün bunları çox yaxşı bilirlər. Sadəcə, “xain xoflu olar” deyimi ilə yanaşsaq, hər şey çox aydın görünəcək.
Məhdud tərəfdarlarına da özündən keçən məhz bu xüsusiyyət Əli Kərimlinin ən böyük bəlasıdır. Bu bəla ona ağı qaradan, qaranı isə ağdan seçməyə imkan vermir. Odur ki, məntiqsiz və absurd yanaşmaları ilə ürəkləri bulandırmaqda davam edir.
Lakin unutmayaq, dəyirman öz işindədir, çax-çax isə baş ağrıdır…