Xaçmazda yeni ekoloji aksiyaya start verilib (FOTO)

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının
99-cu ildönümü münasibətilə Xaçmaz rayonunda ağacəkmə aksiyası
keçirilib.

AzerTimes-ın məlumatına görə,
aksiya zamanı Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən
keçən hissəsinə və Xaçmaz-Quba yolunun kənarlarına yerli iqlim
şəraitinə uyğun gələn şam ağacları, güllər və dekorativ kollar
əkilib.

Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
yerli hüquq- mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə
təşkilat və müəssisələrin rəhbərləri, Vətən müharibəsi
iştirakçıları və könüllülər iştirak ediblər.

İştirakçılar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq
işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan
təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan
tinglərə aqrotexniki qulluq göstəriblər.

Ağacəkmə aksiyası qarşıdakı günlərdə park və xiyabanlarda davam
etdiriləcək. Ümumilikdə may ayının 10-dək Xaçmaz rayonu ərazisində
9900 ədəd müxtəlif ağac, güllər və dekorativ kollar
əkiləcəkdir.

Həmçinin ekoloji tədbirlər çərçivəsində Xaçmaz rayonunun turizm
zonalarında yerləşən çimərliklərdə təmizlik işləri aparılıb.
Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla,
bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə
tutulub.

Teqlər: