Xaçmazda “Xocalını unutmayaq” adlı tədbir keçirilib (FOTO)

Xaçmaz rayonunda Xocalı soyqırımının 30 illiyinə həsr olunan
anım tədbiri keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq
mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti əvvəlcə
Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzinin foyesində faciəyə
həsr olunan kitab və rəsm sərgisi ilə tanış olublar.

Anım tədbirində Xocalı faciəsi qurbanları və şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Xocalı
faciəsi haqqında geniş məlumat verib. Bildirilib ki, 1992-ci il
fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri
Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı
alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Ermənilər Xocalı
şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırımı
törədiblər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca
olmaqla 613 şəxsin məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz
vəhşiliklə qətlə yetirilib.

Tədbirdə Xocalı faciəsinə həsr olunan qısa metrajlı film nümayiş
etdirilib. Filmdə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər və
44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən bəhs
edilib.

Yerli mədəniyyət işçilərinin və məktəblilərin ifasında nümayiş
etdirilən “Xocalını unutmayaq” adlı ədəbi bədii kompazisya
iştirakçılarda duyğulu anlar yaşadıb.

Teqlər: