Xaçmaz rayonunda sahibkar və fermerlər təbiət ərazilərində
yanğın təhlükəsizliyi mövzusunda maarifləndirilib.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və
Kənd Təsərrüfatı Nazirliklərinin, həmçinin Baş Prokurorluğun
rəsmilərinin qatıldığı görüşün iştirakçıları əvvəlcə Xaçmaz
şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib,
xatirəsini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzinin iclas zalında təşkil olunan görüşdə
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək
yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələrdən
danışıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin
əhəmiyyətini vurğulayıb.
Ekologiya və təbii sərvətlərlər nazirinin müavini Firdovsi
Əliyev bildirib ki, mövcud yanğınların 98 faizi bilavasitə insan
faktoru ilə əlaqədardır. Qeyd edib ki, bu il “Ümumrespublika
Yaşıllaşdırma Marafonu”(“Yaşı Marafon”) çərçivəsində 3 milyon
tingin əkilməsi nəzərdə tutulub. Yaz əkin mövsümdə 360 hektar
ərazidə 660 minə yaxın ağac tingi əkilib. Əkilən tinglərin arasında
meşə cinsli tinglər üstünlük təşkil edir. Bununla parallel 8 min
600-ə yaxın meşə cinsli və meyvə cinsli tinglər paylanılır. Bu
proses aprel ayının sonuna kimi davam edəcək. İDEA və Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu
kampaniya çərçivəsində ötən il 2 milyon ting əkilib. Bu proses
işğaldan azad olunan ərazilərdə də davam etdirilir.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki,
bu ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkilib.
Bunun 600 min hektardan çoxu buğda, qalanı isə arpa sahələridir.
Taxıl əkini respublikamızın ərzaq təhlükəsizliyi baxımından mühüm
əhəmiyyət kəsb etdiyindən zəmilərin yanğından qorunmasını təmin
etmək vacib şərtlərdəndir.
Baş Prokurorluğun idarə rəisi Ramil Məcidov bildirib ki, ölkə
ərazisində baş verən bütün yanğın hadisələri, miqyasından asılı
olmayaraq Baş Prokurorluğun rəhbərliyinin və aidiyyəti idarələrin
daim nəzarətindədir. Yanğın təhlükə yaradan, təşvişə səbəb olan,
insanların sağlamlığına və həyatına qəsd edən, əmlakın, meşələrin
məhvinə səbəb olan bir hadisədir. Bu səbəbdən yanğınların baş
verməsində təqsiri olan şəxslər ibtidai istintaq və
əməliyyat-axtarış fəaliyyəti tədbirləri nəticəsində müəyyən edilir
və cinayət və inzibati məsuliyyətə cəlb edilir.
Ramil Məcidov qeyd edib ki, ümumilikdə 2020-ci il ərzində baş
vermiş yanğın hadisələri barədə Fövqəladə Hallar Nazirliyinin
Əməliyyat-istintaq idarəsinə 1794 material, 2021-ci ildə isə 1948
material daxil olub. Bütün materiallar üzrə, həmçinin istintaq
olunan cinayət işləri üzrə qanuni və əsaslı qərarların qəbul
edilməsinə Baş Prokurorluq tərəfindən prosessual nəzarət
edilib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Vüqar Məmmədov
ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl
sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu vurğulayıb.
Bildirilib ki, əkin sahələrinin yandırılmasının yolverilməzdir, bu
cür hallar qanun pozuntusu olaraq məsuliyyət doğurur. Yanğınların
digər əkin sahələrinə, meşəlik ərazilərə, ətrafdakı tikililərə,
ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə ciddi zərər
vurma ehtimalının olduğu diqqətə çatdırılıb.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev sahibkar və
fermerlər təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda
ətraflı məlumat verərək, ötən il qeydə alınan yanğın hadisələrinin
statistikasını qeyd edib. Qeyd edib ki, ötən il 15 min 60 yanğın
hadisəsi baş verib. Onlardan 77-si qaz sızması, qaz balonlarının
partlaması, hamamlarda və məişətdə quraşdırılan qaz
avadanlıqlarında baş verən qəzalar zamanı qeydə alınıb. Ümumilikdə
2021-ci ildə yanğın hadisələri zamanı 38 nəfər həlak olub. Onlardan
12-si qaz sızması və partlayışlar nəticəsində olub.
Nazir müavini bildirib ki, baş nazir tərəfindən əhalinin kütləvi
toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə
biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və
çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı
tədbirlər barədə sərəncam imzalanıb. Bu sərəncama uyğun olaraq ölkə
üzrə insanların kütləvi toplaşdığı qeyd olunan bütün növ
obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına
düzgün riayət edilməsi, insanların müvəqqəti yaşayışı üçün nəzərdə
tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda,
sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə,
mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı
obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində, tamaşa və
mədəni-maarif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar,
konsert zalları, muzeylər və s.), əhaliyə xidmət göstərən bütün
ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlarda
yoxlamalar aparılacaq. Təhlükəsizlik qaydalarını pozan şəxslər
cəzalandırılacağını vurğulayıb.
Yanğın halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə
od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış
“mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi
qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara
lazımi tövsiyələr verilib.