Xaçmazda futbol üzrə rayon turniri start götürüb (FOTO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
münasibətilə Xaçmaz rayonunda futbol üzrə rayon turnirinə start
verilib. Rayon İcra Hakimiyyətinin yerli Gənclər və İdman İdarəsi
ilə birgə təşkil etdiyi turnirdə müxtəlif bələdiyyələri təmsil edən
19 komanda mübarizə aparır.

Yarışların ilkin mərhələsi Yergüc və Nərəcan kənd stadionunda
keçirilir. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
Nərəcan kəndində keçirilən Yergüc və Müşkür bələdiyyələrinin
oyununu izləyib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində
keçən qarşılaşma 3-3 hesabı ilə başa çatıb.

Oyundan sonra həvəskar futbolçularla görüşən Elnur Rzayev
ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın
inkişafına da böyük diqqət yetirdiyini bildirib, hazırda ölkəmizdə
bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb,
yarış iştirakçılarına uğurlar arzulayıb. Diqqətə çatdırıb ki,
turnirin keçirilməsində məqsəd Ulu Öndərin xatirəsini yad etmək,
eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və
idmana olan marağı artırmaqdır.

Turnirə mayın 23-də yekun vurulacaq. Qaliblər Xaçmaz Rayon İcra
Hakimiyyəti tərəfindən kubok, medal və həvəsləndirici pul mükafatı
ilə təltif ediləcək.

Teqlər: