Xəbər - Samir Əli – Trend:
Prezident İlham Əliyevin göstərişi ilə şəhər və rayon icra hakimiyyətlərində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbələrinin fəaliyyəti davam etdirilir.
Xaçmaz rayon İcra Hakimiyyətində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsi də şəhid ailələri və müharibə iştirakçılarının problemlərinin araşdırılması ilə bağlı tədbirlərini davam etdirir.
Şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, Füzuli, Daşaltı, Hadrut və Şuşanın işğaldan azad olunmasında iştirak etmiş, ehtiyatda olan mayor Vüqar Fərzəliyev AzerTimes-a açıqlamasında bildirib ki, şöbə əməkdaşları mütəmadi olaraq Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin müraciətlərinə dair tədbirlər görür, onları narahat edən məsələlərin, problemlərin həlli ilə bağlı işlər aparır: “Şöbənin əməkdaşları tərəfindən qazi və şəhid ailələri mütəmadi ziyarət edilir. Xaçmaz rayonundan 654 nəfər qismən səfərbərliklə Vətən müharibəsində döyüşlərə qatılıb. Bundan başqa, həqiqi hərbi xidmətdə olarkən Vətən müharibəsində iştirak edənlər də olub. Müharibə zamanı 203 nəfər yaralanıb, 45 nəfər isə şəhid olub. Şəhid olanlardan 8 nəfər səfərbərlik zamanı müharibəyə qatılıb. Qalanları isə həqiqi hərbi xidmət keçərkən şəhid olublar. Rayon rəhbərliyi tərəfindən bütün qazi və şəhid ailələri diqqətdə saxlanılır. Bizim şöbə 45 şəhid ailəsinin hamısına baş çəkib və onların problemləri ilə mütəmadi maraqlanırıq. Ehtiyacı olan ailələrə maddi yardımlar edilib, ailə üzvlərinin problemləri imkan daxilində həll edilib. Xaçmaz Rayon İcra Hakimiyyəti və “YAŞAT” Fondu tərəfindən 45 şəhid ailəsinin hər birinə yardımlar olunub”.
V.Fərzəliyev deyib ki, rəhbərlik etdiyi şöbə hazırda hər gün şəhid ailələri və qazilərin qəbulunu həyata keçirir: “Qəbul fasiləsiz aparılır. Gün ərzində bizə müraciət edən bütün şəhid ailələri və qazilər fərdi şəkildə qəbul olunur, problemləri dinlənilir. Əgər problemlər rayon icra hakimiyyəti səlahiyyətindədirsə, dərhal həllinə göstəriş verilir və yerində həll olunur. Həlli icra hakimiyyətinin səlahiyyətində olmayan məsələlər barədə isə aidiyyəti qurumlara məlumatlar verilir, həmin problemlərin həllinə çalışılır”.