Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması ilə bağlı məlumatlar əsassız və qərəzlidir.
Bu barədə AzerTimes-a Xaçmaz Rayon İcra Hakimiyyətin (RİH) məlumat verilib.
İcra Hakimiyyətindən bildirilib ki, şəhid Xəlilov Bəxtiyar Əlamət oğlu Birinci Qarabağ Müharibəsi zamanı 03.05.1994-cü ildə Füzuli rayonu istiqamətində şəhid olub. Xəlilov Bəxtiyar Əlamət oğlu şəhid olduğu vaxt subay olub, atası və anası isə müxtəlif vaxtlarda rəhmətə gedib.
Şəhidin bacısı 1963-cü il təvəllüdlü Xəlilova Zülfirə Əlamət qızına məxsus ev tikintisi zamanı çiy kərpicdən istifadə olunduğu üçün zamanla aşınmalara və çatlara uğrayıb, qəzalı vəziyyətə düşüb. 2018-ci ildə yağmış leysan yağışları nəticəsində qəzalı vəziyyətə olmuş ev dağılıb. Sonradan evin çiy kərpicdən tikildiyi müvafiq qurumlar tərəfindən müəyyən edildiyindən evin bərpası mümkün olmayıb.
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına uyğun olaraq şəhidin bacısı Xəlilova Zülfirə Əlamət qızının Şəhid Ailəsi statusu olmadığından ona müvafiq qaydada evin verilməsi mümkün olmayıb. Belə ki, qanunvericiliyə əsasən şəhidin həyat yoldaşı, valideynləri və uşaqları Şəhid Ailəsi statusuna malik olur.
Bütün bunlara baxmayaraq Xəlilova Zülfirəyə evi dağıldıqdan sonra Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən kirayə haqqının ödənilməsi üçün 2018-ci ildən hər ay müvafiq qaydada maddi yardım edilir.
20 Yanvar 2022 – ci il tarixinidə Xaçmaz Rayonunda Şəhidlər Xiyabanında yenidən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına müraciət edilib və Şəhid bacısı elə həmin gün qəbul edilib.
Vətəndaşın öz istəyinə uyğun olaraq 2022-ci ilin mart-aprel aylarında dağılmış evinin bərpası ilə əlaqədar tikinti materialları ilə köməklik göstəriləcəyi bildirilib, həmçinin Zülfirə Xəlilovanın müraciəti əsasında səhhətində yaranan problemlərlə bağlı müayinələrin aparılması üçün müvafiq tapşırılar verilib.
RİH tərəfindən qeyd olunub ki, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid ailələri və Qarabağ qaziləri daim diqqət mərkəzində saxlanılır.