Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur təşkil olunub (FOTO)

Xaçmaz. Samir Əli – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

AzerTimes-ın məlumatına görə, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzində bölgə sakinləri ilə görüşərək, onların Agentliyin fəaliyyət sahələrinə dair müraciətlərini cavablandırıb.

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatla bağlı müraciətləri yerindəcə araşdırılıb və müvafiq tədbirlər görülüb. Qurumun bir qrup həkim-ekspertinin iştirak etdiyi görüşdə bəzi şəxslərin əlilliyinin qiymətləndirilməsi üçün yerindəcə əyani müayinələri aparılıb.

Əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri ilə təminat proseduru barədə vətəndaşlara izahatlar da verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Müraciətləri əsasında 10 nəfər əlilliyi olan şəxsə mühərrikli təkərli oturacaqlar, 2 nəfərə mexaniki təkərli oturacaqlar, habelə bir sıra əlilliyi olan şəxslərə müxtəlif reabilitasiya vasitələri təqdim edilib.

Tədbir çərçivəsində media təmsilçilərinin Agentliyin Xaçmaz Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olması üçün mediatur da təşkil edilib.

Müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə olunmaqla və səmərəli fizioterapevtik üsullar, həmçinin müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.

Media nümayəndələrinə bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlik tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər görülüb. 2019-2020-ci illərdə və cari ilin ötən dövründə Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə bərpa müalicəsi xidmətləri ilə təminatında xüsusi önəm kəsb edir.

Postmüharibə dövründə qazilərin sosial dəstəklə, həmçinin reabilitasiya və sosial-psixoloji xidmətlərlə, yüksək texnologiyalı müasir protezlərlə, mühərrikli təkərli oturacaqla və digər reabilitasiya vasitələri ilə təminatı sahəsində aparılan işlər də jurnalistlərin diqqətinə çatdırılıb. “Reabilitasiya” altsistemi, bu sistemə uyğun veb-əsaslı növbəlilik sistemi və Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi haqqında da məlumatlar verilib.
Media nümayəndələri reabilitasiya müəssisəsində Vətən müharibəsi iştirakçılarına göstərilən reabilitasiya xidmətləri ilə yaxından tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəniblər.

Teqlər: