Xaçmaz rayonunun Yalama kəndində səyyar qəbul keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli
Məclisin deputatı Sevil Mikayılova Yalama kəndində səyyar qəbul
keçirib. Qəbulda Yalama İnzibati Ərazi Dairəsinə daxil olan
Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və
Zuxuloba kəndlərinin sakinləri iştirak edib.

Yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət
və digər təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbul Heydər
Əliyev adına istirahət parkında təşkil olunub. Görüş iştirakçıları
əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sakinlər kəndlərarası yolun təmiri, yeni salınan yaşayış
massivinin qazlaşdırılması, bəzi ərazilərdə elektrik təsərrüfatının
yenilənməsi, suvarma suyuna olan ehtiyacın ödənilməsi, məktəb
təmiri və idman zalının inşası ilə bağlı müraciətlər
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu
və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Milli Məclisin deputatı Sevil Mikayılovada səsləndirilən
müraciətlərin həlli istiqamətində səylərini əsirgəməyəcəklərini
bildirib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə
ediblər.

Teqlər: