Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələri və qazilərin iştitarkı ilə “Zəfərimiz əbədidir” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə yerli şair və yazarların vətənpərvərlik mövzusunda yazdıqları kitab sərgisi ilə tanış olublar. Xaçmazlı şairlər 44 gün ərzində qazandığımız şanlı zəfəri, torpaqlarımızın azadlığı uğrunda şəhadədət zirvəsinə yüksəlmiş şəhidlərimizin keçdiyi döyüş yolunu öz şeirlərində qələmə alıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün ölkələrdə yaşayan soydaşlarımızı həmrəy edən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gündür. Bu gün hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyadır. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına qarşıdan gələn 2022-ci ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq.
Milli Qəhrəman Yavər Şahbazovun atası Əlibala Şahbazov, şəhid Davud Hacıyevin anası Validə Hacıyeva öz çıxışlarında ölkəmizdə o cümlədəndə Xaçmaz rayonunda şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin bədii hissəsində şairlər və məktəblilər yerli yazarların xaçmazlı şəhidlər haqqında yazdıqları şeirləri səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyublar, Yeni İlin atributları sayılan Şaxtababa və Qar Qız şəhid övladlarını hədiyyələrlə sevindirib.
Sonda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.