Xaçmaz rayonunda görkəmli dövlət xadimi, Azərbaycanın böyük oğlu
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü təntənəli şəkildə
qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq
mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların
kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri Xaçmaz
şəhərinin mərkəzində Ulu Öndərin abidəsi önünə gül dəstələri
düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev mərkəzində Ümummilli Liderimizin anadan
olmasının 99-cu il ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və
şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən sənədli film
nümayiş olunub.
Konfranda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev Heydər Əliyevin öz Vətəni, xalqı qarşısındakı misilsiz
xidmətlərindən danışıb. Vurğulayıb ki, dünya dövlətləri arasında
nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı dahi şəxsiyyət
Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün regionun qüdrətli bir
dövlətinə çevrilən Azərbaycan Ulu Öndərin layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha doğru inamla
irəliləyir.
Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri
Məhəmməd Balaqadaşov və digər çıxış edənlər ümummilli lider Heydər
Əliyevin şərəfli ömür yolundan, çoxşaxəli siyasi fəaliyyətindən və
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki
misilsiz xidmətlərindən danışıblar.