Tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarını və Vətənimiz
uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik
sükutla yad edib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel
Nürəddinova çıxış edərək azərbaycanlılara qarşı törədilən soyqırımı
aktlarından bəhs edib. Bildirib ki, 1918-ci ilin mart-iyul
aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda
erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində
qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib. Qədim Azərbaycan
torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb,
132 min azərbaycanlı qətlə yetirilib.
Diqqətə çatdırılıb ki, 1998-ci il martın 26-da ümummilli lider
Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında”
Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun
və hərtərəfli siyasi qiymətdir. Bu tarixi sənəd Azərbaycanın indiki
və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da
fundamental bir proqramdır.
Çıxış edənlər qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti və şanlı Ordumuzun rəşadəti ilə Vətən
müharibəsində qazandığımız qələbə düşmənə verilən layiqli tarixi
dərsdir. Natiqlər gənc nəslə soyqırımı qurbanlarını, hər iki
Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağı və
tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən
ibrət almağı tövsiyə edib.
Tədbirdə soyqırımı hadisələrini əks etdirən “Unudulmayan tarix”
adlı film nümayiş olunub.