Xaçaturyanın iddialarına kəskin cavab

Xaçaturyanın iddialarına kəskin cavab

Regionda sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi müharibə xarakterli ritorikadan çəkinməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və ölkəmizin daxili işlərinə qarışmamalıdır. Azərbaycan sülhə, sabitliyə və regional inkişafa sadiqdir.

AzerTimes xəbər verir ki, bu fikirlər Ermənistan prezidenti Vahaqn Xaçaturyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi əsassız iddialara cavab olaraq ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanovun nəşrin redaksiyasına göndərdiyi məktubda yer alıb.

R.Aslanov Azərbaycanın beynəlxalq bazarlara, o cümlədən Avropaya neft, təbii qaz və elektrik enerjisi ixrac etdiyini qeyd edib. Ölkəmiz təbii qaz hasilatının yalnız yarısını ixrac edir və qarşıdakı 100 ildən artıq müddətdə ixrac etmək üçün kifayət qədər qaz ehtiyatına malikdir.

“Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edib. Çünki Azərbaycan həmişə olub. Ermənistan dünyaya, o cümlədən Avropaya nə ixrac edir? Laçın yolu “bağlanıb” və Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirməyə hazırlaşır kimi yalan xəbərlər. Azərbaycanın suveren ərazisinin bir hissəsi olan Laçın yolunda dekabr ayından etibarən bu günə kimi 6000-dən çox müxtəlif təyinatlı avtomobil maneəsiz keçib. Ermənistan Laçın yolunu hərbi məqsədlər üçün, o cümlədən döyüş sursatı, minaların daşınması və hərbi personalın rotasiyası üçün istifadə edib. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: Ermənistan ordusunun 10 min nəfərlik şəxsi heyəti hələ də Azərbaycan ərazisindən çıxarılmayıb, 2021-ci ildə Ermənistanda istehsal olunan minalarla ərazilərimizin çirklənməsi davam edir”.

Səfir qeyd edib ki, Ermənistan işğal dövründə bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, Xocalı şəhərində mülki şəxslərə qarşı hərbi cinayətlər və soyqırımı həyata keçirib. Nəticədə Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var ki, onlar bu günə qədər bütün əsas hüquqlardan, o cümlədən öz doğma yurdlarına qayıtmaq hüququndan məhrum ediliblər. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı 3900 Azərbaycan vətəndaşı itkin düşüb və Ermənistan onların taleyi ilə bağlı heç bir məlumat verməkdən imtina edir.

Teqlər: