Vaqif Xaçatryanın məhkəməsinin açıq, hətta bütün dünyaya nümayiş etdirilən canlı yayımla keçirilməsi mühüm addım olardı.
Bu sözləri AzerTimes-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndindəki soyqırımda iştirak edən Vaqif Xaçatryanın yaxalanması haqda qeyd edib.
S.Vəkilov bildirib ki, V.Xaçatryanın işgəncə verdiyi insanlardan bəziləri hələ də sağdır:
“Xaçatryan Meşəli kəndində 25 azərbaycanlının qətlə yetirilməsində, 14 nəfərə işgəncə verilməsində, 358 nəfərin yurdundan qovulmasında iştirak edib. Onun əsir götürdükləri də olub. Hazırda həmin şəxslərdən bəziləri sağdır və şahidlik edə, Xaçatryanın əməllərini məhkəmədə detallarına qədər danışa bilər. Onların bir çoxunun bədənində damğalar var, işgəncələrin izlərini hələ də canlarında daşıyırlar. Bunlar hamısı sübutlardır. Biz faşist qatillərin mühakiməsinə bənzər bir prosesi bütün dünyaya göstərib, faşistlədən daha dəhşətli olan erməni vəhşiliyinin iç üzünü bir daha aça bilərik”.
Qeyd edək ki, 1991-ci ilin dekabrın 23-də Xocalının Meşəli kəndidəki soyqırım, işgəncə və talanda iştirak edən Vaqif Xaçatryan 32 ildən sonra – 29 iyul 2023-cü ildə “Laçın” postunda yaxalanaraq, Bakıya gətirilib.