Cənubi Qafqazda vəziyyət təhlükəli olaraq qalır, Ermənistanın “suveren ərazisinə qarşı təcavüz riski” son dərəcə yüksəkdir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.
Xaçatryan bildirib ki, Bakı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata “məhəl qoymur”. Guya 7 aydan çoxdur ki, Laçın yolu “bağlanıb” və 120 min Qarabağ ermənisi (Hazırda Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə 30 mindən daha az erməni yaşayır -red.) ərzaq, gigiyena və dərman ləvazimatlarından “məhrum olub”.
Xatırladaq ki, Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneə törədərək, təxribata əl atdıqdan sonra məntəqə bağlanıb. Bundan sonra Bakı bir neçə dəfə Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərməyi təklif etsə də, separatçılar bundan imtina ediblər.