Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində
Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri
keçirilib.
AzerTimes xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın
Avstriyadakı səfirliyinin iştirakı və Azərbaycan Akademik
Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Dövlət
Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi
bir dəqiqlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov,
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin
deputatı Azay Quliyev, Azərbaycan Akademik Birliyinin fəxri sədri
Tofiq Mürşüdlü, Srebrennitsa-Potoçari Memorial Mərkəzinin direktor
müavini Amra Begiç Fazliç, Avstriyadakı Bosniya və Herseqovina
icmasının üzvü Armin Pyevlyakoviç, “Erməni təcavüzünün tanıdılması”
İctimai Birliyinin sədri, yazıçı-publisist Səriyyə Müslümqızı çıxış
ediblər. Natiqlər bu dəhşətli qətliamı Ermənistanın uzun illərdən
bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik
təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi kimi
qiymətləndiriblər. Həmin gecə Xocalı sakinlərinin məhz azərbaycanlı
olduqlarına görə soyqırıma məruz qaldıqları, xalqımızın Xocalı
soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini
və bu dəhşətli faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb
olunmalarını tələb etdiyi, bu addımın davamlı sülhün, qarşılıqlı
etimadın təmin edilməsi baxımından vacib olduğu nəzərə
çatdırılıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən
müharibəsində Azərbaycanın qüdrətli dövlət olduğunu tarixə
yazdığını vurğulayan S.Müslümqızı bildirib ki, tezliklə doğulduğu
Xocalıya, öz doğma yurduna geri dönəcəyinə inanır. Xocalıda qətlə
yetirilmiş uşaqların xatirəsinə ithaf olunmuş “Onlar heç zaman
böyüməyəcəklər“ kitabının alman dilində nəşrinin Xocalı soyqırımı
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət
etdiyini vurğulayıb.
Sonra azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı,
dirijor və bəstəkar Abuzər Manafzadənin rəhbərliyi ilə Vyana Şəhər
Orkestrinin ifasında klassik konsert proqramı təqdim olunub.
Konsert zamanı Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, eləcə
də Abuzər Manafzadənin “Xocalıya“ və Aria Esmaeli Torkanbourinin
“Qarabağ marşı” ifa olunub. Solistlər Karen Danger-Manafzadə,
Mərziyyə Hüseynova, Orxan Cəlilov və Umut Kayanın çıxışları
tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.