Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək

Məşhur Vyana Ştraus Festival Orkestri aprelin 28-də Heydər
Əliyev Mərkəzində növbəti konsert proqramı ilə çıxış edəcək.

AzerTimes xəbər verir ki, bu,
Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində təşkil
olunan beşinci konsertidir. Orkestrin bu vaxtadək Mərkəzdə təşkil
olunan konsertlərin hər biri anşlaqla keçib.

Orkestrin yaradıcısı və bədii rəhbəri, avstriyalı skripkaçı və
dirijor Peter Qutun rəhbərliyi ilə baş tutacaq budəfəki konsertdə
də tamaşaçıları maraqlı repertuar və gözəl şou gözləyir. Virtuoz
skripkaçı Peter Qut İohan Ştraus ənənəsinin davamçısı olaraq ifası
ilə dinləyiciləri valeh edir. O, mütəmadi olaraq tanınmış simfonik
və kamera orkestrləri ilə qastrollara çıxır və böyük opera
teatrlarının səhnəsində təqdim olunan operettalarda dirijorluq
edir.

1978-ci ildən fəaliyyət göstərən Vyana Ştraus Festival Orkestri
dünyada Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik
əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət
geniş repertuarı ilə tanınır. Orkestr müxtəlif festivalların, o
cümlədən Avropada hər il keçirilən Ştraus Festivalının daimi
iştirakçısıdır.

Bakı konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından,
iTicket.az saytı və kassalarından almaq olar.

Teqlər: