“Baku Bus” avtobusları ilə bağlı problem hələ də həllini tapmayıb. Hələ də onlarla avtobus qarajda istismara yararsız vəziyyətdə qalıb və qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tövsiyəsi ilə onları mərhələli şəkildə təmir edərək xəttə buraxır. Əvvəl qarajda qalan avtobusların sayı çox idi, lakin indi nisbətən azalıb. Çox təəssüflər olsun ki, bu problem Bakı Nəqliyyat Agentliyinin dövründə başladı.
Bu sözləri AzerTimes-a açıqlamasında ictimai nəqliyyatın son vəziyyəti, marşrut avtobuslarının intervalında həddən artıq böyük məsafə olması barədə danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Ekspert BNA-nın fəaliyyətini sərt şəkildə tənqid edib:
“Agentlik avtobusların xərcinin çox, ehtiyat hissələrinin bahalı olduğu bəhanəsini gətirərək, onların bir qismini söküb digərləri üçün ehtiyat hissəsi kimi istifadə etməyə başladı. Dünya təcrübəsində bu var. Ancaq bu qədər avtobusu belə yararsız vəziyyətə salmaq olmazdı. Sonra da pandemiya dövrünü bəhanə edib dövlətdən dotasiya almadıqlarını bildirdilər. Bu qədər ayrılan pulları yox etdilər, düzgün xərcləmədilər, hansısa formada yeyintilərə yol verdilər. “Bakı Bus” sürücüsünə 800 manata köynək-şalvar tikəndə təmir üçün pulun qalmayacağını bilməli idilər. Yəni Bakı Nəqliyyat Agentliyi bu suallara cavab verməlidir, amma təəssüf ki, hələ münasibət yoxdur”.
Ekspertin sözlərinə görə, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onların dövründən qalan problemləri mərhələli şəkildə həll etməyə çalışır:
“İlk dəfə idi ki, dövlət pul xərcləyib avtobus aldı, ancaq əfsuslar olsun ki, BNA dövlətimizi məyus etdi. Qarajlarda qalan avtobuslara görə vətəndaşlarımız əziyyət çəkir, taksilərə üz tutur və ya imkan düşən kimi özünə maşın alır. Nəticədə yollarda avtomobillərin sayı artır. Tıxacların qarşısının alınması üçün ictimai nəqliyyat daim nəzarətdə olmalı, üzərində iş aparılmalı və inkişaf etdirilməlidir. “Bakı Bus”u nəzarətsiz qoydular, nəticəsi də ortadadır”.
Qeyd edək ki, Elməddin Muradlı “Bakı Bus” MMC-nin Hövsan bazasında 300-ə yaxın avtobusun çürümək üzrə olduğunu, xəttə buraxılmadığını, onlardan ehtiyat hissələri kimi istifadə edildiyini bildirmişdi.