Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş
Qərargahında keçirilən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya
üzrə Qlobal Pakt”ın icrasının qiymətləndirilməsi üçün əsas
hökumətlərarası qlobal platforma rolunu oynayan ilk Beynəlxalq
Miqrasiya İcmalı Forumunun sonuncu günündə BMT Baş Assambleyasının
prezidenti Abdulla Şahidin sədrliyi və BMT Baş Katibi Antonio
Quterreşin iştirakı ilə plenar iclas keçirilib. Tədbirdə BMT Üzv
Dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri və Baş Assambleyada
müşahidəçi statusuna malik ixtisaslaşmış qurumların üzvləri iştirak
edib. Adıçəkilən iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri,
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmiz adından
çıxış edib.
Dövlət Miqrasiya Xidmətindən AzerTimes-a bildirilib ki, Vüsal
Hüseynov Azərbaycanın regionda bu sənədə qoşulan ilk ölkələrdən
biri olduğunu, habelə ölkəmizin Forumda Miqrasiya üzrə Qlobal
Paktın icrasında “Çempion ölkə” qismində iştirak etdiyini
vurğulayıb. Öz çıxışında Xidmət rəisi ölkəmiz tərəfindən Miqrasiya
üzrə Qlobal Pakta dair könüllü hesabatın təqdim olunması,
adıçəkilən beynəlxalq sənədlə bağlı məlumatlılığın artırılması
məqsədilə çoxtərəfli məsləhətləşmələrin keçirilməsi, habelə
Azərbaycanda BMT-nin Miqrasiya Şəbəkəsinin yaradılması barədə
məlumat verib. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə
Azərbaycanın birgə təşəbbüsü olan Miqrasiya üzrə Regional Təlim
Mərkəzinin yaradılmasından söhbət açan Vüsal Hüseynov Mərkəzin
regional səviyyədə miqrasiya sahəsində aparıcı təlim və tədqiqat
müəssisəsi olması istiqamətində işlərin görüldüyünü vurğulayıb.
Xidmət rəisi Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə
yaranan yeni reallıqların və imkanların regionda sülhün bərqərar
olmasını təmin etdiyini qeyd edib, bunun da öz növbəsində Miqrasiya
üzrə Qlobal Paktın daha səmərəli icrası üçün əlverişli zəmin
yaratmaqla yanaşı, məcburi köçkünlərin layiqli geri qayıdışının
təmininə müsbət töhfə verəcəyinə əmin olduğunu bildirib.
Plenar iclasın sonunda BMT-nin Üzv Dövlətləri tərəfindən Tərəqqi
Bəyannaməsi qəbul olunması nəzərdə tutulub.
Bundan əlavə, Vüsal Hüseynov BMT Baş Assambleyası Prezidentinin
və BMqT baş direktorunun iştirakı ilə keçirilən və təhlükəsiz,
nizamlı və qanuni miqrasiyanın təşviqində potensialların
gücləndirilməsinə və əməkdaşlığın təşviqinə töhfə vermək məqsədilə
yaradılmış Miqrasiya üzrə Çoxtərəfli Etimad Fonduna həsr edilmiş
tədbirdə də çıxış edərək qlobal miqrasiya idarəçiliyində
həmrəyliyin önəminə toxunub və bu istiqamətdə Fondun faydalı vasitə
ola biləcəyini diqqətə çatdırıb.
Forumda Azərbaycanın yüksək səviyyədə təmsil olunmasında
Azərbaycan nümayəndə heyətinin üzvü, ölkəmizin BMT yanında Daimi
Nümayəndəsi Yaşar Əliyevin rəhbərliyi altında Nümayəndəliyin
əməkdaşları yaxından iştirak edir.