Vüqar Rəhimzadə: Beynəlxalq güclər Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşmalıdır

Ötən il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Zəfərimizlə başa çatdı. Sentyabrın 23-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda təqdim olunan çıxışı bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə istər 30 illik işğal, istərsə də postmünaqişə dövrü ilə bağlı ünvanlanan ciddi mesajları əks etdirir. Ölkə Prezidentinin çıxışında diqqət göstərdiyi əsas məsələ həm də dünyanın ikili standartlara söykənən siyasəti oldu. Nəzərə alaq ki, 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onların daim üzvü olduqları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər 30 ildə bu qərar və qətnamələrə məhəl qoymur, beynəlxalq səviyyədə başlarına çəkilən sığala uyğun olaraq istədikləri vaxt danışıqlar prosesinə qatılır, istəmədikləri zaman da müxtəlif bəhanələrlə ondan yayınırdılar. 44 günlük Vətən müharibəsi münaqişənin həlli ilə bağlı 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da göstərilən dəstəkdən irəli gəlirdi. Dövlət başçısı nitqində xatırlatdı ki, ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışımda diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltmişdim.

Azərbaycan Ordusu düşmənin bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ən əsası illərdir yaradılan «güclü erməni ordusu» mifi darmadağın edildi. Dünya Azərbaycan Ordusunun məğrurluğunun, yenilməzliyinin şahidi oldu”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev qeyd olunan çıxışında ermənilərin illərdir törətdikləri təxribatları, faciələri rəqəmlər və faktlar əsasında illik ümumi müzakirələrin iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, 30 illik işğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub: “Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülüb. Onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.

Vətən müharibəsi dövründə Xocalı faciəsinin davamı olaraq Gəncə, Bərdə, Tərtər və sair yaşayış məntəqələrimizdə terror aktları törədildiyini, insanlıq əleyhinə yönəlmiş bu cinayətlərə sivil dünyanın yenə də seyrçi qaldığını vurğulayan Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, bunlara göz yummaq, ədalət prinsipini arxa plana keçirib öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir: “Amma bu reallıq dünya gücləri tərəfindən unudulurdu ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nın sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir”.

“Dünyaya səs salan Zəfərimiz, işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vandalizm aktları mənfur düşmənin əsl simasının təqdimatında mühüm rol oynayır” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi və dini abidələrimizi yerlə-yeksan edib guya azərbaycanlıların Cənubi Qafqazda gəlmə xalq olduğunu “sübuta yetirmək” kimi mənfur niyyətini ortaya qoyan ermənilər 44 günlük Vətən müharibəsi, həmçinin müharibədən sonrakı dövrdə həqiqətlərin qarşısında aciz duruma düşdüklərinin fərqindədirlər. Ona görə ki, İkinci Qarabağ müharibəsi zamanı erməni cəlladlarının Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktları tarixə XX əsrin dəhşətli faciəsi kimi daxil olan Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı şanlı tarix, həmçinin Ermənistana və ona havadarlıq edənlərə keçilən tarix, hüquq və qürur dərsi 30 ilin ikili standartlara əsaslanan siyasətinə verilən cavab oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da, məsələnin həllinin 30 il uzanmasının səbəbi kimi dünyanın ikili standartlar siyasəti daim təhlil olunur, hazırda “fəallaşmaq” istəyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu gedişlərinin arxasında hansı maraqların dayandığı əsaslı şəkildə diqqətə çatdırılır: “Bəzi beynəlxalq güclər tərəfindən hələ də “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsi də Ermənistanın guya münaqişənin həll olunmaması ilə bağlı səsləndirdiyi sərsəm bəyanata dəstəkdir. Amma istər işğalçı dövlətdə baş qaldırmaq istəyən revanşist qüvvələr, istərsə də onlara dəstək verməyə səy göstərən aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar dəmir yumruğun bu gün də yerində olmasından xəbərdardırlar. Azərbaycan Ordusu Ermənistana lazım olduğu yeri göstərdi. 30 ilə yaxın dövrdə işğalçılıq siyasəti, eyni zamanda, bu və ya digər dövlətlərin maraqlarının ifadəçisi olmaq missiyasını yerinə yetirməsi ucbatından bütün qlobal enerji layihələrindən kənarda qalan Ermənistanda Vətən müharibəsində tarixi Zəfərimizdən sonra yaşanan siyasi və iqtisadi gərginliklər təcavüzkar dövlətin rəhbərliyini ciddi düşündürməlidir. Bu gün Ermənistan Azərbaycan dövlətinin təklif etdiyi təkmil sülh modelini dəstəkləməklə, sülh müqaviləsinə imza atmaqla düşdüyü vəziyyətdən çıxmaq imkanı qazanar. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bu bəyanatı da səsləndirir ki, Azərbaycanın sülh təklifi masa üzərində əbədi qala bilməz”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, illər ərzində hökm sürən cəzasızlıq mühitindən ruhlanan işğalçı dövlətin rəhbərləri təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdilər: “Bir tərəfdən imitasiya naminə danışıqlar aparılırdı, digər tərəfdən işğalçıların açıq-aşkar məsələnin sülh yolu ilə həllində maraqlı olmadıqlarını təsdiqləyən faktlar aşkarlanırdı. Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlər, tunel və bunkerlərdən ibarət istehkamların qurulması sübut edirdi ki, Ermənistan heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində deyildi. Ermənilər sadəcə bu niyyətlərini həyata keçirmək üçün illərdir imitasiya naminə danışıqları davam etdirir və bununla vaxt qazanmağa çalışırdılar. Amma bu vaxtı uzatmanın sonu Azərbaycan üçün möhtəşəm Qələbə, Ermənistan üçün isə acı məğlubiyyətlə nəticələndi. Bu, işğalçılığı, faşizm ideologiyasını həyata keçirdikləri siyasətin ana xətti kimi qəbul edən Ermənistana və onun dəstəkçilərinə ciddi dərs olmalıdır”.

“Artıq müharibə bitib, münaqişə tarixə qovuşub, münasibətlərdə yeni səhifə açılıb” söyləyən Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və ölkə Prezidentinin bəyan etdiyi kimi, hər kəs bunu nəzərə almalıdır: “Azərbaycan qalib ölkə kimi diktə edən tərəfdir. Əminik ki, verdiyi hər bir vədini əməli işi ilə təsdiqləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində regionda dayanıqlı sülh, təhlükəsizlik və sabitlik bərqərar olacaq. Azərbaycan Zəfərimizin yaratdığı reallıqlara söykənərək regional sülhə və inkişafa töhfələrini davam etdirəcək, yeni əməkdaşlıq formatlarının yaradılması ideyası reallığa çevriləcək”.

Teqlər: