Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilib.
Trend xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” komandası üzərində inamlı qələbə qazanıb. Belə ki, şahmatçılarımızdan 5-i (Rauf Məmmədov, Kiril Şevçenko, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Murad İbrahimli) qarşılaşmasını qələbə ilə başa vurub, yalnız 1 heç-heçə (Aydın Süleymanlı) qeydə alınıb.
Kişilərin yarışında 38 komanda mübarizə aparır.
Qeyd edək ki, turnir çərçivəsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Məmmədyarov yerli “Alkaloid”, Karlsen “Offerspill” komandasının heyətində yer alıb. Birinci lövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Bununla belə, “Alkaloid” 5,5:0,5 hesabı ilə qalib gəlib.