VTB (Azərbaycan) müştərilərinə dollar və avro ilə əməliyyatları müvəqqəti dayandırmağı tövsiyə edir (ÖZƏL)

VTB (Azərbaycan) korporativ müştərilərinə – hüquqi şəxslərə
dollar və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan
müvəqqəti çəkinməyi tövsiyə edir.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq VTB (Azərbaycan)dan
bildiriblər.

Qeyd edilir ki, Bank VTB hazırda yüksək likvidlik və kapital
səviyyəsini saxlamaqla əsas maliyyə xidmətlərinin göstərilməsini
davam etdirir. Qəbul edilmiş məhdudiyyətlər müştəri vəsaitlərinin
təhlükəsizliyinə və saxlanılmasına təsir göstərmir.

“Həm bankın filiallarında, həm də uzaq kanallarda bütün hesablar
aktivdir və müştəri vəsaitləri əlçatandır. Həmin vəsaitlərdən
Azərbaycan ərazisində bütün əməliyyatları milli valyuta ilə aparmaq
üçün əvvəlki kimi tam həcmdə istifadə oluna bilər. Bank müştərilər
qarşısında öhdəliklərini yerinə yetirir”, – VTB (Azərbaycan)
bildirir.

Bundan əlavə, qeyd olunub ki, ölkə üzrə istənilən bankomat və
tərəfdaş banklarda nağd pul çıxarılması mümkündür.

“Hazırda xaricdə olan müştərilərə nağd pul çıxarmaq və ya başqa
bankın kartları ilə ödəniş etmək tövsiyə olunur. Tövsiyə edirik ki,
ABŞ dolları və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan
müvəqqəti çəkinsinlər. Bank yaxın gələcəkdə müştərilərinə
alternativ həllər təqdim edəcək”, – VTB-nin Azərbaycan
nümayəndəliyindən əlavə ediblər.

Qeyd edək ki, ABŞ Rusiyanın iri banklarına, o cümlədən Sberbank
və VTB-yə, həmçinin Rusiyanın siyasi və biznes elitasının bir sıra
nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

Twitter: agdzhaev

Teqlər: