Volkov görüşümüzə buna görə gəlmir – Vəkilov

Volkov görüşümüzə buna görə gəlmir – Vəkilov

Azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolundakı aksiyasında iştirak edən hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilovun AzerTimes-a müsahibəsi:

– Hazırda aksiyanın keçirildiyi ərazidə vəziyyət necədir?

– Aksiya tam gücü ilə davam edir. Bu gün onlarla QHT-çi, jurnalist həmkarlarımız da bizə qoşuldu. Hazırda 1000 nəfərə yaxın aksiya iştiraçısı var. Hər kəs yüksək əhval-ruhiyyədədir.

– Ərazidə nə qədər çadır qurulub?

– Yalnız 3 ədəd çadır var.

– Bəs, aksiya iştirakçıları gecəni necə keçirə bildi?

– Çadırlar yatmaq, dincəlmək üçün deyil, sadəcə, çay içmək olur, bir neçə stul da var. Biz gecəni yatmamışıq, aksiyamız gecə boyu, səhərə qədər davam edib.

– Orda havanın çox soyuq olduğunu bilirik. Aksiya iştirakçıları o soyuqdan necə qorunur?

– Yalnız tonqallarla.

– Aksiya iştirakçılarının ərzaq təminatı necədir?

– Yeməklə bağlı heç bir problem yoxdur. Zatən bura yeməyə gəlməmişik, ancaq ac da qalmırıq. Hər şey qaydasındadır.

– Təhlükəsizliyiniz necə təmin olunur?

– Hazırda təhlükəsizliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən təmin olunur, narahat olmayın. Arxamızda Şuşa var, Ordumuz var, öz torpağımızda kimdən qorxasıyıq?!

– Dünəndən bəri aksiya iştirakçıları rus sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırır. Sizcə, Volkov niyə görüşə gəlmir?

– Bilirsiniz, ötən dəfə Volkov söz vermişdi ki, ekoloqların monitorinq keçirməsi üçün bütün şərait yaradılacaq. Amma o, sözündən döndü, heç bir şərait yaradılmadı. Biz hələ bilmirik ki, bu təminatı verməyə Volkovun səlahiyyəti çatır, ya yox! Görünür, həm bu, həm də ötən dəfə verdiyi sözü yerinə yetirə bilmədiyi və bunun sorğulanacağını bildiyi üçün Volkov bizim görüşümüzə gəlmir.

– Hədəfiniz nədir? Aksiya nə qədər davam edə bilər?

– Tələblərimiz yerinə yetirilənə qədər aksiya davam edəcək. Bu bir gün də, 10 gün də, bir ay da çəkə bilər. Heç kim geri çəkilmək fikrində deyil. Hər kəs sona qədər burada dayanmağı qarşısına məqsəd qoyub. Dünəndən bəri Azərbaycanın hər yerindən bizə zənglər olur, hər kəs əlində gələni etməyə hazır olduğunu deyir. Bura gəlmək üçün can atan xeyli insan var. Hətta şəhid ailələri, qazilərimiz gəlmək istəyirlər. Biz arxamızda Azərbaycan xalqını hiss edirik.

Teqlər: