Rusiya prezidenti Vladimir Putin bu gün (23 avqust) Soçidə Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək.
Görüşün konkret predmeti iki tərəfli münasibətlərin vəziyyəti ilə bağlı olsa da, Rusiya prezidentinin Qarabağla bağlı konkret qərarına da ciddi təsir edəcək.
Məsələ bundadır ki, görüş çərçivəsində Ermənistanla Rusiya arasında Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində münasibətlərin perspektivlərinə baxılacaq. Son aylar da iki ölkə arasında bu münasibətlərin gələcəyi təhlükə altına düşüb.
Ermənistan NATO və Avropa Birliyi (AB) ilə əməkdaşlıq yolunu tutub ki, bu, Ermənistanın KTMT və Avrasiya İttifaqında üzvlüyünü sual altına salır. Ermənistan baş naziri Karen Karapetyan bu yaxınlarda erməni mətbuatına verdiyi müsahibəsində bu yoldan geri dönməyəcəklərini, ilin sonuna qədər AB ilə “Şərq tərəfdaşlığı” çərçivəsində saziş bağlayacaqlarını bildirib. Həmçinin, Ermənistan bu yaxınlarda Gürcüstanda keçirilmiş NATO təlimlərinə qatılıb ki, bu da Rusiya tərəfindən kəskin qınanıb.
Əgər Serj Sarkisyan Putini bu yoldan dönəcəklərini və qərblə əməkdaşlığı dayandıracaqlarına inandıra bilməzsə, Rusiya Ermənistanı sərt cəzalandıracaq. Rusiyanın Ermənistana təzyiqi ilk öncə Qarabağla bağlı ola bilər. Yəni Rusiya Qarabağda Ermənistanı müdafiə etməkdən imtina edə bilər. Sirr deyil ki, 2016-cı ili aprel döyüşlərində Azərbaycan ordusunun hücumunu Rusiya dayandırdı.
Amma Rusiya bundan da sərt davrana bilər və Ermənistanı bütünlüklə hakimiyyətdən sala bilər. Məsələn, İrəvanda hakimiyyətə Rusiya ilə federasiya tərəfdarları gətirilə bilər və onlar Ermənistanı keçmiş SSRİ-dəki vəziyyətə salan saziş imzalaya bilərlər. Bununla da Ermənistan müstəqilliklə birdəfəlik vidalaşa bilər, Abxaziya və Cənubi Osetiya ilə eyni statusa düşə bilər.