“Visa” və “Mastercard” kartları Rusiyada işləməyə davam edəcək – Rusiya Mərkəzi Bankı

Bütün Rusiya banklarının “Visa” və “Mastercard” beynəlxalq
ödəniş sistemlərinin kartları Rusiya Federasiyasında fəaliyyətini
davam etdirəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankı xəbər
verib.

Bankdan bildiriblər ki, bu cür kartlara bağlı olan hesablardakı
müştəri vəsaitləri tam olaraq qorunur və mövcuddur:


“Rusiya bankları tərəfindən buraxılan “Visa” və “Mastercard”
beynəlxalq ödəniş sistemlərinin bütün kartları Rusiyada istifadə
müddəti bitənə qədər həmişəki kimi işləməyə davam edəcək. Bu
kartlar üzrə əməliyyatlar ölkə daxilində Milli Ödəniş Kartları
Sistemində aparılır və sanksiyalar onlara təsir etmir”.

Rusiyada bu kartların sahibləri bankomatlarda əməliyyatlar
apara, kartlarla ödəniş edə, kartdan karta köçürmələr edə
biləcəklər. Eyni zamanda Rusiya Mərkəzi Bankı xəbərdarlıq edib ki, “Visa” və “Mastercard” kartları ilə transsərhəd əməliyyatlar
aparılmayacaq.