“Visa” Azərbaycanla rəqəmsal banklar sahəsində əməkdaşlığa açıqdır – Regional menecer (MÜSAHİBƏ) (VİDEO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“Visa” beynəlxalq ödəniş korporasiyası Azərbaycanda kiçik və orta biznesə nağdsız hesablaşmalara keçiddə və maliyyə texnologiyalarının tətbiqində kömək etməyə hazırdır.

Bunu Trend-ə müsahibəsində “Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş deyib.

Onun sözlərinə görə, istehlakçılar üçün ödəmə xidmətləri və alətlər fəal şəkildə inkişaf edir, amma müəssisələr tərəfindən ödəniş texnologiyalarının istifadəsi “Visa”nın gözlədiyi səviyyəyə çatmayıb.

“Bununla belə, biz rəqəmsal ödənişlərin inkişafı və nağdsız hesablaşmalara keçid üçün biznesə rahat ödəniş texnologiyalarının təqdim olunması sahəsində böyük imkanlar görürük. Azərbaycan 90 ölkənin yer aldığı CEMEA (Şərqi Avropa, Afrika və Asiya) regionunda “Visa B2B Connect” həllini tətbiq etmiş ilk ölkə olub. Böyük və korporativ biznes üçün bu qeyri-kart həlli “distributed ledger” blokçeyn texnologiyası ilə işləyir. Bu həll vasitəsilə şirkətlər, trans-sərhəd fəaliyyəti göstərən idxalçı və ixracatçılar qlobal banklararası ödənişlər etmək imkanına malikdir. Biz bilirik ki, bəzən çox sayda müxbir bankdan keçən ödənişi izləmək çətin olur, “Visa B2B Connect”in istifadəsi ilə biznesin bu cür tranzaksiyaları yerinə yetirmək üçün rahat imkanı yaranır. Azərbaycanda bu xidməti tətbiq edən ilk bank, bizim strateji tərəfdaşımız “Kapital Bank” olub. Bu gün bu layihətə “ExpressBank” da qoşulub. Ölkənin digər banklarının da bu layihəyə qoşulması gözlənilir”, – deyə o bildirib.

Vitse-prezident qeyd edib ki, kiçik və orta biznes üçün ödəmə alətlərinin istifadəsi şirkətlərə öz pul axınını daha səmərəli idarə etməyə imkan verir. “Visa” Azərbaycan bankları ilə tərəfdaşlıqda kiçik və orta biznesə zəruri alətlər spektri təqdim edir, bundan başqa, endirimlər əldə etməyə və müxtəlif rəqəmsal alətləri ödənişsiz istifadə etməyə imkan verən “Business Offer” platformasını yaradıb.

Onun sözlərinə görə, Azərbaycanda “Apple Pay”in işə salınması təmassız ödənişlərin artımı üçün güclü stimul olacaq. Təmassız ödənişlərin inkişafı ölkə iqtisadiyyatının rəqəmsallaşması üçün əsas stimullardandır.

“Biz mobil telefona bağlanan rəqəmsal bank kartını buraxmaq imkanını təqdim etdik və bu, Azərbaycanda tokenləşmənin inkişafının əsasına çevrildi. Xatırlatmaq istəyirəm ki, 2019-cu ildən ölkətə tokenləşməni dörd bank işə salıb: Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank VTB (Azərbaycan) və Bank Respublika. Daha 11 bank bu layihəyə qoşulmağı planlaşdırır və hazırda onlar bu istiqaməti inkişaf etdirir. Məhz Azərbaycan banklarının “Visa” ilə tərəfdaşlıqda bu cür birgə işi “Apple” şirkətinə Azərbaycanı “Apple Pay” xidmətinin işə salınması üçün nəzərdən keçirməsi üçün əsas verdi. Ödəniş sənayesinin digər əsas trendi rəqəmsal emissiyadır. Azərbaycan bankları artıq kartları fiziki formadan he cür fərqlənməyən hesab şəklində buraxa bilir. Bu cür rəqəmsal kartların sahibləri alış-veriş edə, pul köçürmələri həyata keçirə və qəbul edə bilərlər”, – K.Doroş deyib.

O qeyd edib ki, elektron kommersiyanın inkişafın daha bir əsas istiqaməti Azərbaycanın ödəniş xidmətləri ilə əməkdaşlıqdır.

“Biz bu istiqamətdə aparıcı iştirakçılarla fəal əməkdaşlıq edirik və daha çox onlayn platformaya çıxışın əldə olunmasını hədəfləyirik. Onlayn mağazanın yaradılması sahibkarın mağazasının hüdudlarını bütün ölkə ərazisinə və hətta xaricədək genişləndirir. Elektron kommersiyanın inkişafı bizim üçün əsas istiqamətlərdən biri olmaqda davam edəcək və biz bu sahəyə kiçik biznesdən daha çox iştirakçı cəlb etməyə çalışacağıq. 2020-ci il ərzində pandemiya ilə əlaqədar qeydə alınan çətinliklərə baxmayaraq, “Visa” yaxşı nəticələr əldə edə bilib”, – deyə o bildirib.


K.Doroşun sözlərinə görə, “Visa” rəqəmsal banklar sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır və maliyyə texnologiyaları sahəsində öz tərəfdaşları ilə, eləcə də yeni startap layihələrlə fəal iş aparır.

“Biz “GoldenPay”, “E-Pul” xidmətləri ilə fəal işləyirik. Gələcəkdə biz çoxlu sayda marketinq aksiyaları işə salmağı planlaşdırırıq. Bu aksiyalar “Visa” kart sahibləri üçün öz vəsaitlərinin bu platformalarda istifadə edərək müəyyən üstünlüklər qazana bilməsi üçün stimul olacaq. Bundan başqa, ödəniş sistemləri elektron kommersiyanın inkişafı ilə məhdudlaşmır, həm də QR ödənişlər inkişaf etdirilir. Ödəniş formaları istənilən şəkildə ola bilər, onların əsasını isə “Visa”nın rahat, təhlükəsiz texnologiyaları təşkil edir. Bizim tərəfdaşlığımızın digər parlaq nümunələri “Kapital Bank”ın tərkib hissəsi olan “Birbank” və “Unibank”ın rəqəmsal bankı olan “Leobank”la əməkdaşlığımızdır. “Visa” Azərbaycanda rəqəmsal bankların inkişafında bütün iştirakçıları və maliyyə təşkilatlarını dəstəkləyir”, – K.Doroş deyib.

Vitse-prezident qeyd edib ki, “Visa” son beş il ərzində informasiya texnologiyalarının inkişafı və kibertəhlükəsizliyə doqquz milyard dollara yaxın investisiya qoyub.

“Onlayn ödənişlərin təhlükəsizliyi şirkətimizin başlıca prinsipidir və yeni həllər, texnologiyalar və innovasiyalar hazırlanarkən biz ilk növbədə bu ödənişlərin təhlükəslizliyi, beynəlxalq informasiya təhlükəsizliyi standartlarına və “Visa” təhlükəsizlik standartlarına uyğunluğu barədə düşünürük. Biz heç vaxt zəruri təhlükəsizlik sertifikasiyasında keçməmiş məhsuli bazara çıxarmırıq. Biz bu məsələyə çox məsuliyyətlə yanaşırıq. 60 il ərzində şirkət öz tərəfdaşlarının və “Visa” kart sahiblərinin etimadını qazanıb və biz bu istiqamətdə uğurlarımızı davam etdirəcəyik. Bundan başqa, biz öz tərəfdaşlarımıza müdafiə sistemlərinin yaradılmasında, informasiyanın monitorinqində tərəfdaşlarımıza kömək edirik və banklarla birgə xarici və daxili təhdidlərdən müdafiə sistemlərinin qurulması üzərində işləyirik”, – deyə o bildirib.

K.Doroş əlavə edib ki, Azərbaycanın nəqliyyat sektoru “Visa” layihələrinin təşviqi üçün vacib sahələrdəndir və şirkət birgə layihələrin inkişafı üçün yerli nəqliyyat sektorunun bütün əsas iştirakçıları ilə əməkdaşlığa açıqdır.

“Nəqliyyatdan demək olar bütün insanlar istifadə edir, gedişin tez və təhlükəsiz ödənişi ictimai şəhər nəqliyyatında və şəhərkənarı qatarlarda rahatlığa yol açır. Bundan başqa, bank kartları ilə ödənişlərin qəbulun işə düşməsi ilə nəqliyyat operatorlarının işi də optimallaşır. Nağd şəklində pul axınını idarə etmək çətin olur. Nəqliyyat operatorları daxili proseslərini optimallaşdırmaq və daha keyfiyyətli xidmətlər təqdim etmək imkanına sahib olur. Bundan başqa, əvvəllər təmassız ödənişdən istifadə etməmiş insanlar gedişləri bu cür ödəməklə, bunun nə qədər sadə və rahat olduğunu başa düşəcək və digər sahələrdə də kartlardan istifadə etməyə başlayacaq”.

(Tərcümə: Orxan Nəbiyev)