Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə Vilyam Hacıyevin vəkili vəsatət verib ki,
prosesin səs yazısı yazılsın. Hakim isə bildirib ki, məhkəmədə belə
imkan yoxdur.
Prosesdə ifadə verən Qaralar kənd bələdiyyəsinin sədri Şıxalı
Gülməmmədov bildirib ki, Vilyam Hacıyevi icra başçısı kimi
tanıyıb.
“Əvvəllər sahibkar kimi fəaliyyət göstərirdim. 2015-ci ildə
bələdiyə sədri seçilmişəm.
Rayonda tədbirlər, quruculuq işləri olanda sahibkar kimi yardım
etmişəm. Çünki əvvəl sahibkar olmuşam. Pul verəndə mühasibə
vermişəm, Vilyam Hacıyevə yox. Müəyyən miqdarda mən də imkanım
çatan qədər kömək edirdim”, – şahid bildirib.
Digər şahid Namiq Xankişiyev isə deyib ki, Sərxanlı kənd
sakinidir:
“Torpağım olub. Atamın adından öz adıma keçirəndə icra
hakimiyyətinin hüquqşünası Rafiq Zahidova 1300 manat vermişəm.
Vilyam Hacıyevlə heç bir münasibətim olmayıb.
İmişli rayonunda sahibkarlıqla məşğul olan Hümbət Həsənov isə
bildirib ki, Vilyam Hacıyevi rayon rəhbəri kimi tanıyıb: “Heç vaxt
Vilyam Hacıyevlə münasibətim olmayıb. Yanacaqdoldurma məntəqəsi var
idi. Onu böyütmək üçün baş memara müraciət etdim. Dedilər ki, bunun
üçün rayonun quruculuq işləri üçün icra hakimiyyətinə 3 min manat
verməlisən. Mən də pulu baş memar Nazimlə birlikdə mühasibatlığa
verdim”.
Hazırda bələdiyyə sədri işləyən Məni Atakişiyev qeyd edib ki,
əvvəllər Pambıq Zavodunun direktoru, şəhər icra nümayəndəsi
işləyib:
“Yaxşı münasibətimiz olub Vilyam Hacıyevlə. Duz-çörək kəsmişik.
Tanışım var idi, Səadət Şəhpələngova bağça müdiri işləyirdi, səhv
işləyirdi. Vilyam müəllim də onu çıxartmaq istəyirdi. Gəldim Vilyam
Hacıyevə xahiş elədim, eşitdi. O da buna görə mənə 5 min manat
verdi, mən də icra hakimiyyətinin mühasibi Cəmilə 5 min manat
verdim.
Vilyam müəllim, başına dönüm, səni mən həmişə sevmişəm. Amma
kişi kimi danışaq da, 5 min manatı vermişəm”.
Digər şahid Orxan Atakişiyev isə bildirib ki, icra
hakimiyyətindən təqdimat almaq üçün rüşvət verib: ” Prezident
yanında İdarəçilik Akademiyasına qəbul olmaq üçün icra
hakimiyyətindən təqdimat almalı idim. Bələdiyyə sədri, əmim Məmi
Atakişiyevə 5 min manat verdim, o da icra hakimiyyətindən təqdimat
aldı. Təqdimatdan sonra məni akademiyaya qəbul etdilər”.
İmişli Dəmir yolunda məsul vəzifədə çalışan Aydın Xankişiyev isə
bildirib ki, rayonda quruculuq işləri üçün icra hakimiyyətinin
mühasibinə 1000 manat verib.
Digər bələdiyyə sədri Malik Əzimov bildirib ki, rayonun
abadlaşmasına pul verib.
“Başçı iclasda dedi ki, abadlıq işlərinə kömək lazımdı. Mən də
mühasibə 2 min manat verdim. Başqa heç kimə pul verməmişəm”-
bələdiyyə sədri deyib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.