Vilyam Hacıyev baş həkim təyinatı üçün 70 min manat alıb – Şahid

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra
Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən icra hakimiyyətinin baş mühasibi
Cəmil Musayev bildirib ki, Vilyam Hacıyev vəzifəyə təyin olunandan
həbs olunana qədər 4 milyondan çox qanunsuz yolla toplanan vəsait
təqdim edib:

“2020-ci ildə rayon icra hakimiyyəti inzibati binasının
tikintisi üçün 3 milyon manat ayrılmışdı, 3 ayın içində yox oldu.
Mən özüm Vilyam Hacıyev icra başçısı təyin olunandan sonra bu
işlərlə məşğul olmağa başladım. Mənə birgə işləmək təklif edəndə
əvvəl razı olmadım, sonradan işimi itirməmək üçün razılaşdım. Yəni,
məncə kim olsa bunu edərdi. “
Şahidin sözlərinə görə, Vilyam Hacıyev Mərkəzi Rayon Xəstəxanasına
baş həkim təyinatı üçün 70 min manat, Olimpiya Mərkəzinə direktor
təyinatı üçün isə 10 min manat pul alıb.
Şahid həmçinin bildirib ki, toplanan vəsaitləri şəxsən
təqsirləndirilən şəxsə təhvil verib:

“İcra hakimiyyəti başçısının tikintisi üçün ayrılan puldan ilk
olaraq 76 min manat götürdüm. Həmin pulu “002” serialı
avtomobilində Vilyam Hacıyevə təqdim etdim. Sonrakı mərhələdə
götürdüyüm vəsaiti isə istirahət mərkəzində Vilyam Hacıyevə təqdim
etdim.”

Təqsirləndirlilən Vilyam Hacıyev onun sözlərini qəbul etməyib,
onu böhtan atmaqda günahlandırıb:

“Dedikləri hamısı yalandır. Mən də burdan iddia qaldırıram,
Cəmil Musayevə 10 milyon manat vermişəm. Neynəyib onu, atasına ya
nənəsinə verib? qaytarsın o, pulu… Xahiş edirəm, baş mühasib
barəsində cinayət işi açılsın, o da mənim kimi həbs olunsun.”
Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: