Vilayətinin məkri: bəs “eyni xalq” idik, nə oldu?

Vilayətinin məkri: bəs “eyni xalq” idik, nə oldu?

Vilayətinin çıxışı zamanı səsləndirdiyi fikirlər İranın əslində ölkəmizə qarşı münasibətdə necə qeyri-səmimi olduğunu göstərir.

Bu sözləri AzerTimes-a Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalə haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi İranın belə fikirlərlə əsl narahatlığını gizlətmək üçün beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu vurğulayıb:

“Eyni Əli Əkbər Vilayəti cəmi üç ay öncə yazdığı “Mən də azəriyəm” (niyə “azəri” sözünü seçməsi ayrı müzakirədir – red.) adlı məqaləsində Azərbaycanla İrandakı əhalinin eyni xalq olduğunu yazırdı. Ancaq indiki məqaləsində Zəngəzur dəhlizinin açılması halında Ermənistanın bölünəcəyindən, İranın Şimali Qafqaz, Avropa və Rusiyaya çıxışının bağlanacağından bəhs edir. Yaxşı, əgər biz “eyni xalqıqsa”, onda İranın strateji baxışında Azərbaycanla sərhədləri daha önəmli olmalı deyilmi? Niyə İran ölkəmiz üzərindən Gürcüstan, Şimali Qafqaz və Avropa ilə həm quru, həm dəmir yolu, həm də Xəzər dənizi vasitəsilə əlaqə qura biləcəyi halda Ermənistanla kiçik bir sərhədin “dərdini” çəkərək, uydurma ssenarilər qurur? Xatırlatmaq istəyirəm ki, Azərbaycan “Şimal-Cənub” dəhlizini təklif edib. Hətta həmin ərəfədə İran maliyyə problemlərini bəhanə edərək layihəni yubatmağa çalışdı. Ancaq Azərbaycan dəhlizin tikintisi və ölkəmizin ərazisindən keçməklə Hind okeanına qədər uzanması, Ərəb dənizi ilə Avropanı bir-birinə bağlaması üçün kreditlər verməyi də təklif etdi. Astaradan Avropayadək hazır dəmir yolu xəttinin olmasına baxmayaraq, İran Ermənistanla 40 km-lik sərhədini önə çıxararaq bunu özünün ölüm-dirim mübarizəsi kimi cəmiyyətə təqdim edir. Burada dünya, Azərbaycan və Ermənistan ictimaiyyətini çaşdırmaq niyyəti və məqamlar var. Sanki ölkəmiz indi Zəngəzura qoşun yeridib oranı işğal edirmiş kimi haray-həşir salırlar. Ancaq belə bir şey yoxdur. İran Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın və Türkiyənin ona ehtiyacının azalacağından narahatdır, lakin məsələni fərqli formada gündəmə gətirir. Əgər Azərbaycanın Zəngəzuru tamamilə nəzarətə götürmək istəyi olsaydı, onda bu qədər danışıq, görüş və dəhliz istəmək nəyə lazımdır? Rəsmi Tehran özü də göstərdiyi səbəblərin məntiqsiz və absurd olduğunu yaxşı anlayır”.

Teqlər: