Vilayətinin azərbaycanlı “sevgisi” və ikibaşlı ifadəsi…

Vilayətinin azərbaycanlı “sevgisi” və ikibaşlı ifadəsi…

İranın keçmiş xarici işlər naziri, dini liderin müşaviri Əli Əkbər Vilayəti geniş məqalə yayımlayıb. Özünü mənşəcə azərbaycanlı adlandıran Vilayəti İranın heç zaman Azərbaycanı ələ keçirmək kimi planı olmadığını yazıb. Azərbaycan xalqının İran tarixində mühüm rolunu vurğulayan Vilayət Şah İsmayıl Xətainin qəhrəmanlıqlarını xatırladıb. “Hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı da iranlıdır” kimi ikibaşlı cümlə işlədən Vilayəti dini amilin birləşdirici rol oynadığını vurğulayıb.

Vilayəti bununla demək istəyib ki, İranda yaşayan əsas etnik qrupları din və məzhəb birləşdirir. Halbuki, İranda fərqli dinlərə və məhzəblərə bağlı etnik qruplar da var, sadəcə Vilayətinin hazırki məqaləsi azərbaycanlıların könlünü almaq məqsədi daşıdığından şiəlik ön plana salınıb.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin Azərbaycan və azərbaycanlılar haqda fikirlərini şərh edərkən qeyd edib.

Politoloq bildirib ki, Vilayətinin xidmətində olduğu rejim üçün nə din, nə də məzhəb əsasdır:

“Əks halda Azərbaycan torpaqlarının işğalına uzun onilliklər dözümsüz yanaşar, məscidlərin dağıdılmasına görə Ermənistanı güncə sıxışdırardılar. Bunların heç biri olmadı. Vilayəti keçmiş illərdə nə azərbaycanlı olduğunu deyər, nə azərbaycanlıların, o cümlədən Şah İsmayıl Xətainin rolundan ağız dolusu danışardı, sadəcə quyruqları qapı arxasında qaldığından belə bir məqaləyə ehtiyac duyublar. Belə məqalələrlə bizi aldatmaq mümkün deyil, qonşumuzun xislətinə bələdik”.

Qeyd edək ki, Vilayəti İranın heç vaxt Azərbaycanda nəzarəti ələ keçirmək və ölkəni işğal etmək niyyətində olmadığını, İranın qüdrətli olmasında azərbaycanlıların müstəsna rol oynadığını, hər bir azərbaycanlının iranlı, hər bir iranlının isə azərbaycanlı olduğunu bildirib. O, eyni zamanda əslən Əlburz dağlarının ətəyindən, yəni azərbaycanlı olduğunu da xatırladıb.

Teqlər: