İranın dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti HƏMAS lideri İsmayıl Haniyə və “İslami-Cihad”ın rəhbəri Ziad Nəxali ilə danışıb.
AzerTimes İran mediasına istinadla xəbər verir ki, Vilayəti “Fələstin xalqının müqavimətini” tərifləyib və Qəzzada göstərdikləri qəhrəmanlıqları alqışlayıb.
O bildirib ki, “Əqsa tufanı” əməliyyatında HƏMAS və “İslami-Cihad”ın əldə etdiyi uğur müasir islam tarixinin şərəfli səhifələrindən biridir. Vilayəti Qəzzanı “sionist rejimə qarşı qala” adlandırıb:
“Bu qələbələr düşmənlərimiz üçün ağlasığmaz idi, lakin biz inandıq, çünki fələstinlilər səlibçilər və monqollar da daxil olmaqla, düşmənə qarşı duran və qalib gələn müqavimət cəbhəsinin bir hissəsidirlər. Ona görə də tarix boyu Fələstin xalqı həmişə müsəlmanların müdafiəsi və islam davasının mühüm qalalarının bir hissəsi olmuşdur”.
O, İranın Fələstin xalqının daim yanında olacağını da bəyan edib:
“Bilin ki, islam dünyası sizə dəstək olmaq üçün ayağa qalxıb. Bu uğurlarda müqavimət liderləri kimi sizin rolunuz təqdirəlayiqdir”.
Haniyə cavabında İranın dəstəyini yüksək qiymətləndirib:
“Biz sizə və Fələstin xalqının müqaviməti və daimi iradəsinə sadiqliyinizə görə həmişə minnətdarıq. Son qələbəyə qədər davam edəcəyik və təslim olmayacağıq.
Düşmənlər müdafiəsiz insanları və mülki insanları qətlə yetirməklə böyük müharibə cinayəti törədiblər, lakin biz vurğulayırıq ki, döyüşən qüvvələr öz güclərini və ümidlərini qoruyub saxlayır və onların hüquqlarını müdafiə edirlər. Fələstin milləti mübarizə meydanında qalacaq”.
Ziad Nəxali isə Xameneinin dəstəyini “çox ümidverici” adlandırıb və əlavə edib ki, onun mesajı məzlum Fələstin xalqına sevinc, ümid və ruh verir.