“Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində yeni məqalələr yaradılır və zənginləşdirilir. Onlayn ensiklopediyanın Azərbaycan dili bölməsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən 120-dən çox məqalə yerləşdirilib.
Bu barədə AzerTimes-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.
“Könüllülər tərəfindən türkoloq Dmitri Vasilyev, Külcə hadisəsi, Trabzonun mühasirəsi, Həştərxan xanlarının siyahısı, rəqqas, xoreoqraf Mutay Ulbaşov, Balkar dramaturqu və şairi İbrahim Mammeyev, İkinci Qarabağ müharibəsində fəaliyyəti ilə daha da tanınan və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayan türkiyəli jurnalist Fulya Öztürk haqqında məqalələr yaradılıb. “Türk dünyası “Vikipediya”da” layihəsi davam edəcək. Gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq”, – deyə R.Əhmədov bildirib.