Xəbər - Humay Ağacanova – Trend:
Noyabrın 5-də “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel müzakirələri başlayıb.
Trend-in məlumatına görə, bu gün keçirilən panellərdə “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri”, “Qərbi Balkanların qiymətləndirilməsi:İrəli yol”, “Şərq Tərəfdaşlığı: Potensial nədir?”, “Qlobal Səhnədə Aİ-nin Gələcəyi” mövzuları müzakirə olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
VIII Qlobal Bakı Forumu öz işini bu gün başa çatdıracaq.