VIII Bakı Beynəlxalq Kitab Sərgisi başlayır

VIII Bakı Beynəlxalq Kitab Sərgisi başlayır

5-9 oktyabr tarixində Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi baş tutacaq.

AzerTimes xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgidə ümumilikdə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisələrin təmsil olunacağı gözlənilir.

Builki sərginin fəxri yazarları xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey olacaq.

VIII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaq ölkəsi isə Türkiyə Respublikasıdır. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi olunması məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Həmçinin, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorlarının da sərgidə iştirak edəcəyi gözlənilir.

Bundan əlavə, sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Qeyd edək ki, sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulub.

Teqlər: