Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş
VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün
əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi.
Partiyanın VII qurultayını əlamətdar edən mühüm amillərdən biri də
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Prezident,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə
nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi
Qafqazda yeni reallıqlar formalaşdırdı. YAP-ın VII qurultayında
müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın
yeni Nizamnaməsi təsdiq olundu, eləcə də yeni Nizamnaməyə əsasən
İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər
Birliyi, Mərkəzi Aparatı kimi vacib strukturlar yaradıldı. Bir
məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan
Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev
çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən
mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli
strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII
qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc
nöqtəsi kimi dəyərləndirilməlidir”.
Bu sözləri AzerTimes-a Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib ki, ötən
il sentyabr 10-da və cari ilin yanvarın 28-də Yeni Azərbaycan
Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli
təşkilatında sədr vəzifəsinə təyinat olmuşdur. Diqqətəlayiq haldır
ki, 76 yerli təşkilatın 48-də yeni sədr seçilmiş və bununla da
sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.
Kamaləddin Qafarov YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr
tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramının böyük
əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Millət vəkilinin
sözlərinə görə, yeni proqram demokratik dəyərlərə və milli
maraqlara əsaslanaraq, özündə müasir yanaşma üsullarını ehtiva
edərək, siyasi münasibətlərin bütün strateji fəaliyyət
istiqamətlərini əhatə edir. YAP-ın VII qurultayında partiyanın
Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə
tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış
müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və
növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş
tərkibdə müzakirə olunmuş, Partiyanın Sədri İlham Əliyevin irad və
tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir.
Millət vəkili açıqlamasının sonunda deyib: ”Ötən illər ərzində
qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilmişdir.
Yeni proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan
Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən çox
mühüm strateji sənəddir. 5 fəsildən ibarət olan proqramda
Azərbaycanın qarşısında dayanan yeni hədəflər öz əksini tapmışdır
və bu proqram uğurla reallaşdırılır”.