Bakıda 165 nömrəli məktəbdə şagirdlərin qeyri-etik görüntülərinin yayılması, bununla əlaqədar fənn müəlliminin töhmət alması ilə bağlı müzakirələr səngimək bilmir.
Trend xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da sosial şəbəkə hesabında müzakirələrə münasibət bildirib.
“Cəmiyyətin bir parçası olan, müəllimi də, şagirdi də, direktoru da cəmiyyətin üzvlərindən ibarət olan məktəbdə baş verən hadisələrə ictimai maraq təbiidir. Bununla belə, bir daha 165 nömrəli məktəbin bir neçə şagirdinin uyğun olmayan hərəkətlərini əks etdirən videogörüntü ilə bağlı görülmüş tədbirlərə aydınlıq gətirməyin lazımlı olduğunu düşündüm.
Əziz dostlar, hər birinizin fikrinə hörmətlə yanaşıram. Ancaq məlumdur ki, müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır. Həmin görüntülərdən çıxan ilk nəticə budur ki, müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib.
Uşaqların davranışı qəbulolunan deyil. Ancaq müəllim buna etiraz etməli, normal iradlar bildirməli, laqeyd qalmamalıdır. Ən kritik məqamda direktor müavini, direktor məlumatlandırılmalı, birgə tədbirlər görülməlidir.
Uşaqlarla məktəb rəhbərliyi söhbət apara bilər, digər prosedur tədbirlər görülər, valideynlər dəvət olunar və s. Ancaq təəssüf ki, müəllim sinfi idarə etmir, bununla da uşaqlara lazımsız hərəkətlər üçün imkan vermiş olurdu. Uşaqlar haqqında da tədbirlər görülüb, valideyn və şagirdlərin izahatları alınıb, uşaqlar üzrxahlıq edib. Həmçinin həmin məktəblilər polis tərəfindən müvafiq profilaktiki tədbirlər görülməsi üçün nəzarətə götürülüb”, – sektor müdiri qeyd edib.