Xəbər verdiyimiz kimi, Avropada yaşayan Vidadi İsgəndərli bıçaqlanıb və iddialara görə, vəziyyəti ağırdır.
AzerTimes xəbər verir ki, hadisə ilə bağlı onun qardaşı Oqtay İsgəndərli Qənimət Zahidin müəllifi olduğu verilişə qatılıb və hadisənin təfərrüatını danışıb.
Musavat.com-un məlumatına görə, Oqtay İsgəndərli qardaşı ilə danışa bildiyini vurğulayıb:
“Həkimlər mənə onunla 1 dəqiqəlik görüşmək imkanı yaratdılar. Çünki reanimasiyada, narkozun təsiri altında idi. Dedi ki, səhər saat 7 radələrində 3 nəfər pəncərədən evinə daxil olub. Yataq otağında bir nəfər ona bıçaq çəkib, 2 nəfər də qapını bağlayıb. Özünün sözlərinə görə, həmin şəxs bıçaqla ona alın nahiyəsindən çoxlu zərbələr endirib. Zərbələrin çoxu qardaşımın əlinə dəyib. Bıçağı vuran şəxs cüssəli olmadığı üçün qardaşım onu itələyib yerə yıxıb. Daha sonra polisi çağırıb və içəri girən şəxslər qorxub qaçıblar. Onlar maskalı olub və heç bir dildə danışmayıblar. Buna görə də kimlikləri və hansı millətdən olduqları bilməyib”.
Maraqlıdır ki, Oqtay İsgəndərlinin açıqlaması ziddiyyətlərlə doludur:
1. Əgər reanimasiyada, narkozun altındadırsa, o, qardaşı ilə necə danışa bilib?
2. Niyə bir nəfər hücum edir, iki nəfər isə qapını bağlayır? hücum edən bir nəfər “cüssəli deyilsə” və V.İsgəndərli onu itələyəcək gücdədirsə, qapını bağlayanlar “davaya” tamaşa etməyə gəliblərmiş?
3. V.İsgəndərli bu bıçaqlanma içində necə polisə zəng edə bilib? 3 nəfər durub gözləyib ki, V.İsgəndərli polisə zəng etsin və onlar da yalnız bundan sonra “qorxub” qaçsınlar?
4. V.İsgəndərlinin reanimasiyada, ağır vəziyyətdə olduğu haqda məlumat yayılıb. Qardaşı isə onunla görüşür, V.İsgəndərli hadisə haqda təfərrüatlı məlumat verə bilir. Demək, V.İsgəndərli heç də ağır vəziyyətdə deyil.
Buna görə də hadisənin “təfərrüatı” şübhə doğurur – əgər doğrudan da belə bir hadisə baş veribsə və V.İsgəndərli “bıçaqlanıbsa”…