Vidadi Babanlının 95 yaşı tamam olur

95 yaşı tamam olan qocaman yazıçının yaradıcılığı, qələmindən süzülən nəfis əsərlər yarım əsrdən çoxdur ki, sevilə-sevilə oxunur. Qələmə aldığı əsərləri, o cümlədən şerləri ilə zamanın ən aktual problemlərini, cəmiyyəti ən çox düşündürən məsələləri canlandıran Vidadi Babanlının əsərləri nəinki Azərbaycanda, dünyanın dörd bir yerində milyonlarla oxucunun ürəyini fəth edib.

Vidadi Babanlı 1927-ci il yanavarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açıb. Burada orta məktəbi bitirdikdən sonra 1944-1949-cu illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb. Elə tələbəlik illərindən yaradıcılığa başlayıb, ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeri olub. O, müxtəlif illərdə “Azərbaycan müəllimi” , “Ədəbiyyat qəzeti” qəzeti, “Azərbaycan” jurnalı redaksiyasıyalarında, o cümlədən “Azərbaycanfılm” kinostudiyasında, “Yazıçı” nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb. 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələri işıq üzü görüb.

Ömrünü yazıb-yaratmağa həsr edən və bir an da olsun qələmini yerə qoymayan qələm ustadı bu gün də yaradıcılığından qalmır. 95 illik yubileyini qeyd edən tanınmış yazıçı bədii yaradıcılığa nəzmlə başlasa da, yaradıcılığı dövründə “Gəlin” povestindən başlayaraq “Bulanlıq dünya” povestinədək – “Ana intiqamı”, “Müqəddəs ocaq”, “Ömürlük əzab”, “Həyat bizi sınayır”, “İnsaf nənə”, “Vicdan susanda” və “Sabaha ismarıc”kimi nəsr əsərləri ilə bütöv bir xəzinə yaradıb. Bu gün 95 yaşı tamam olan qocaman yazıçı Vidadı Babanlı, oxucularının, eləcə də ədəbi cameənin yaddaşına yalnız müəllifin özünə deyil, bütövlükdə mənsub olduğu ədəbiyyata böyük şöhrət qazandıran məşhur “Vicdan susanda” əsərinin müəllifi, ustad bir nasir kimi həkk olunub.


Əməkdar incəsənət xadimi olan Azərbaycanın korifey yazıçısı Vidadi Babanlı həm də Prezident təqaüdçüsüdür.

Video: https://we.tl/t-7bo4ADPq1W

Teqlər: