Vətəndaş Həmrəyliyi Partiyası 1 sentyabrda keçiriləcək parlament seçkiləri üçün namizədliyinin irəli sürülməsi nəzərdə tutulan şəxslərin ilkin siyahısını yayıb.
AzerTimes-a daxil olan siyahıdan görünür ki, VHP əksər dairəni əhatə etməkdə iddialıdır və 70 dairədən namizəd irəli sürməyə hazırlaşır. Bu şəxslərdən əksəri artıq sənədlərini dairə seçki komissiyalarına təqdim edib.
Ancaq maraqlıdır ki, elan edilən siyahıda hazırda millət vəkilləri olan nə partiya sədri Sabir Rüstəmxanlı, nə sədrin müavini Fəzail İbrahimli, nə də hər zaman seçkiyə VHP-nin siyahısı ilə qatılan Rafael Hüseynov var.
Partiyanın yaydığı siyahıda da 61 saylı Neftçala (Sabir Rüstəmxanlının ötən seçkidə seçildiyi dairə), 58 saylı Hacıqabul-Kürdəmir (Rafael hüseynovun seçildiyi dairə) dairələrindən namizəd göstərilməyib.
Ehtimal olunur ki, növbəti dəqiqləşmədə Sabir Rüstəmxanlı və Rafael Hüseynovun dairələri də dəqiqləşəcək.
Daha bir maraqlı məqam partiya sədrinin müavini, 6-cı çağırış MM-in vitse-spikeri Fəzail İbrahimli ilə bağlıdır. Belə ki, F.İbrahimli 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində ötən seçkilərdə deputat seçilmişdi. Hazırkı siyahıda isə VHP 69 saylı dairədən Məharət Ağayevin namizədliyini irəli sürməyə hazırlaşır. Ehtimal olunur ki, F.İbrahimli başqa dairədən namizəd olacaq.
Eyni zamanda partiya sədrinin müavini, siyasi aktivliyi ilə daim gündəmdə olan və ötən seçkilərdə seçilə bilməsə də, namizədliyi ilə fərqlənən Samir Əsədli də namizəd siyahısında yoxdur. Onun hansı dairədə mübarizə aparacağı da dəqiqləşməyib.