Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar Ağcabədi rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları birgə tədbir keçirib.
AzerTimes xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Hərbi prokurorun böyük köməkçisi – mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Ardınca Firad Əliyev, Ağdam hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elnur Kərimov, polkovnik Gülməmməd Rzayev, polkovnik-leytenant Mehman Ədilov, hüquq müdafiəçisi Ceyhun İbrahimov və digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran dünya şöhrətli nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, vətənpərvər dahinin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasəti yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddət ərzində ölkəmizdə görülən misilsiz işlərdən, həyata keçirilən hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.
Tədbirdə, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.
Bundan sonra, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin, ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb, nümunəvi xidməti ilə fərqlənənlərə hədiyyələr təqdim edilib.
Eyni zamanda, xidmətə yeni başlayan hərbi qulluqçuların andiçmə mərasimi keçirilib.
Sonda ağaclar əkilib.