Vətəndaşların hüquqlarını pozaraq korrupsiya hüquqpozmaları törədib dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.
Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlunun qanunsuz hərəkətlərinə dair toplanmış material üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Pərviz Bəbirovun hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırmaqla vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşların torpaq sahəsinə çıxarış alınması üçün 60 min manat və hüquq-mühafizə orqanına işə yenidən bərpa olunması üçün 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.
www.yenicag.az