Müğənni Rauf Əhmədovun Baku TV-yə müsahibəsi müzakirələrə səbəb olub. O, Azərbaycanda qara magiya ilə məşğul olan şəxslərin olduğunu bildirib. Müğənni hətta vəzifəli şəxslərə cadu edən xalq artistindən də danışıb.
AzerTimes xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən azərbaycanlı ekstrasens, kliniki psixoloq, ezoterik Zirəddin Rzayev çox insanın magiyanın cadu, sehrdən fərqli olduğunu düşündüyünü deyib.
“Əslində isə magiya sözü cadu, sehr və bu kimi şeylərin beynəlxalq adıdır. Avropa, Amerikada cadu və sehr yox, magiya deyirlər. Cadu və sehr sırf islam ölkələrinə aid termindir. Bir sözlə, magiya və cadu eyni termindir.
Mən okkult elmlərlə məşğulam. İnsanlara olunan cadu və sehri batil etmə gücünə malikəm. İnsanlara pislik etmək mənlik deyil. Ümumiyyətlə, cadu ilə məşğul olmuram. Bunu pisləyirəm! Tam əksinə, öz qələmimlə cadu əleyhinə savaşıram”, – ekstrasens bildirib.
Z.Rzayev ona vəzifəli şəxslərin, tanınmış simaların müraciət etməsindən danışıb:
“Mənə xalq artistləri, tanınmış simalar, hətta vəzifəli şəxslər də müraciət edirlər. Müraciətlər müxtəlif olur. Vəzifəli şəxsləri adətən işləri maraqlandırır: nə zaman daha yüksək vəzifəyə təyin olunacaqlarını soruşurlar, maaşda artım olacağı, özlərinə təhlükənin olub-olmaması maraqlı olur. Bundan başqa, ailələri, xanımları, övladlarının təhsili, gələcəyi ilə maraqlanırlar.
Xalq artistləri isə həm ailə problemləri, həm işləri, həm rəqibləri ilə bağlı suallar verirlər. Məsələn, həmkarı buna cadu edir deyə, onu təmizlətmək istəyir və ya yollarının bağlı olduğunu deyərək, ona cadu olunduğunu düşünür. Bu səbəbdən də yolunu açmağım üçün müraciət edirlər
Cadu deyilən bir şey var! Bunu mən demirəm, Allah, Quran, İncil, Tövrat deyir, elm isə təsdiq edir”.