Xəbər - Samir Əli – Trend:
Pandemiya dövründə COVİD-19 virusunun yayılmasının qarşısının alınması, onun törədə biləcəyi fəsadların aradan qaldırılması və bu kimi əhalinin sağlamlığının qorunmasına yönəlmiş effektiv dövlət siyasətinə yol verdikləri korrupsiya hüquqpozmaları ilə ziyan vuran vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, belə tədbirlərdən biri kimi, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.
Belə ki, aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVİD-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əmək haqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun qanunsuz olaraq tabeliyində işləyən bir neçə işçilərlə əvvəlcədən razılaşaraq onlara məxsus əmək haqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də, tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyən edilmişdir.
Hazırda cinayət işi üzrə İntiqam Abuşovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
İstintaqın nəticəsindən olaraq İntiqam Abuşovun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.