Vəzifəli şəxs Ata Abdullayevin məhkəməsinə məcburi gətiriləcək

Xəbər - Samir Əli – AzerTimes:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, Ata Abdullayev məhkəmədə vəsatət qaldırıb. Bildirib ki, Abşeron rayonunun Masazır qəsəbə üzrə icra nümayəndəsi Şahlar Həsənov məhkəməyə çağırılsa da, o prosesə gəlməyib. Təqsirləndirilən şəxs zərərçəkmişin prosesə gətirilməsini istəyib.

Hakim Ş.Həsənovun məhkəməyə məcburi gətirilməsi barədə qərar edib.

Proses noyabrın 30-da davam etdiriləcək.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.


Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Teqlər: