“Veysəloğlu”da yeni rəqəmsallaşma erası (FOTO)

Veysəloğlu Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində davam
edəcək SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox
vəsait yatırılıb.

SAP nədir?

Rəqəmsallaşma ilə bağlı olduğu anlaşılan SAP abreviaturası
əslində alman mənşəli bir şirkətin adıdır və açıqlaması belədir:
Systemanalyse Programmentwicklung – ingilis dilində System Analysis
Program Development. Dilimizə isə aşağıdakı kimi tərcümə edilə
bilər: sistemlərin təhlili üzrə proqram yaradılması.

1972-ci ildə Almaniyada yaradılmış “Systemanalyse
Programmentwicklung” adlı şirkət daha sonra qısaca SAP olaraq
tanınmağa başlamışdır. Hazırda qlobal olaraq əməliyyat gəlirlərinin
77%-i SAP sistemi üzərindən həyata keçirilir.

Ənənəvi biznes necə dəyişir?

Ənənəvi biznes modellərində məlumat əsasən mərkəzləşməmiş idarə
olunur, sadə dillə desək, hər bir biznes funksiyası/departament öz
əməliyyatlarına aid məlumatları özündə saxlayır. Bu isə müxtəlif
funksiyalarda çalışan əməkdaşlara bir-birilərinin məlumat
bazasından faydalanmağa imkan vermir. Bundan başqa, bəzi
departamentlər özləri də bilmədən eyni işi görürlər. Həmçinin böyük
həcmli məlumatın İT bazasında saxlanılması xərcləri də artırır.

Son dövrlərdə şirkətlər rəqəmsallaşmanın və məlumatların vahid
sistemdə mərkəzləşməsinin effektivlik üçün mütləq olduğunu anlamağa
başlayıblar. Böyük şəklə baxdıqda, rəqəmsallaşmanın yalnız bir
biznesin ehtiyacı deyil, dayanıqlı inkişaf üçün əsas amillərdən
biri olduğu görünür. Şirkətlər digər əməliyyat xərcləri ilə
bərabər, bəzən isə daha çox rəqəmsallaşma istiqamətinə investisiya
yatırırlar.

Veysəloğlu Şirkətlər Qrupunda SAP

Veysəloğlu Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində davam
edəcək SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox
vəsait yatırılıb. Qrupa daxil olan distribusiya şirkətində cari
ilin yanvar ayından etibarən SAP S/4HANA platformasına keçid baş
verib. Qeyd edək ki, SAP S/4HANA müəssisə resurslarının
planlaşdırılması üzrə dünyada lider sistem olaraq ən uğurlu
pərakəndəçilərin seçimidir.

Bu rəqəmsal layihə şirkətin logistika, daşınmaz əmlakın idarə
edilməsi, satış və satınalma, istehsalat, insan resursları daxil
olmaqla, bütün departamentlərini əhatə edir. Proqramın 24 modulunun
eyni anda tətbiqi şirkətin bütün əməliyyat sistemlərinin etibarlı
şəkildə işlədiyindən əmin olmağa, eləcə də prosesləri tez və
səmərəli şəkildə genişləndirməyə imkan verəcək.

“Veysəloğlu” bu rəqəmsallaşma ilə nə qazanacaq?

SAP 19,000 nəfərdən çox əməkdaşı olan Şirkətlər Qrupunda
məlumatları yüksək səviyyədə idarə etməyə, eyni işin bir neçə
şəxs/funksiya tərəfindən təkrar icrasının qarşısını almağa və
mükəmməl təhlil və proqnozlar əldə etməyə imkan yaradır. Bu isə öz
növbəsində şirkətin beynəlxalq rəqabətə davamlılığını artırmağa,
xərcləri azaltmağa, məlumatların keyfiyyətinin və təhlükəsizliyinin
təmin olunmasına və biznes proseslərin yüksək effektivliyinə xidmət
edəcək.

Veysəloğlu Şirkətlər Qrupunda Rəqəmsal Transformasiya direktoru
Özgür Kakmacı: “SAP sayəsində bütün biznes proseslər əvvəldən
axıra qədər bir sistemdə idarə olunur, bununla da “ucdan-uca”
prinsipi ilə bütün proseslərin izlənilməsi mümkündür. Bu
rəqəmsallaşma həm proseslər, həm də əməkdaşların inkişafı üçün
faydalıdır. Artıq SAP üzrə 45 nəfər mütəxəssis yetişdirilib. Bu isə
yalnız bizim şirkətimiz üçün deyil, ölkənin əmək bazarı üçün bir
qazancdır”.

SAP ilə “Veysəloğlu” əməkdaşlarının həyatı necə dəyişiləcək?

Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü Natəvan
İbrahimova: “Qrupumuzun davamlı inkişafının SAP ilə birlikdə
daha dayanıqlı və beynəlxalq təcrübəyə uyğun olacağına inanırıq.
Bizim üçün SAP yalnız proseslərin effektivliyini artırmaq vasitəsi
deyil, eyni zamanda əməkdaşların inkişafı üçün də ciddi bir
yatırımdır”.
SAP sistemi ilə bağlı prosesə tam yiyələnmək üçün
əməkdaşlar mütəmadi olaraq təlimlərə və imtahanlara cəlb olunurlar.
SAP-ni yaxşı anlayan və real işində tətbiq etməyi bacaran əməkdaş
beynəlxalq təcrübəyə çıxış imkanı əldə edir, səmərəliliyi artır və
çeviklik qazanır. Bu isə potensialı və karyera hədəfləri olan hər
bir şəxs üçün əla fürsətdir.

Bu layihə nəticəsində əməkdaşlar prosesləri daha rahat
izləyəcək, planlaşdıracaq və daha dəqiq hesabatlar əldə edə
biləcəklər. Bu isə komanda üzvlərinin iş performasına, nəticə
etibarilə karyera yüksəlişinə öz təsirini göstərəcək.

Rəqəmsallaşma ilə rəqabət qabiliyyətini artırmaq
mümkündürmü?

“SAP Azərbaycan” şirkətinin icraçı direktoru Svetlana Yankina:
“SAP S/4HANA biznes proseslərinin rəqəmsal əsasını təşkil edir
və şirkətlərə xarici çağırışlara dərhal reaksiya verməyə, böyük
həcmli məlumatla işləməyə və biznes modellərini çevik olaraq
şərtlərə uyğunlaşdırmağa imkan verir. Rəqəmsal texnologiyalar artıq
uzun müddətdir ki, dünyanı idarə edir və yalnız bu trendlə
ayaqlaşanlar sərt rəqabətdə qalib gələ və bizneslərini genişləndirə
biləcəklər. Əminəm ki, Veysəloğlu Şirkətlər Qrupunun rəqəmsal
transformasiyası yalnız yerli deyil, beynəlxalq bazarın oyunçusu
olmaq hədəfi olan digər şirkətlər üçün də yaxşı bir nümunə
olacaqdır”.