Vətəninə, xalqına layiq övlad…

Oktyabrın 31-i Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin anım günüdür.

2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 8-də Böyük Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixinin şərəf və qəhrəmanlıq salnaməsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsini Böyük Qələbə ilə başa vurması Ermənistanın işğalçı siyasətinə son qoymuş, ərazi bütövlüyümüzün bərpa ediməsi xalqımıza sevinc və qürur hissləri yaşatmışdır. Bu böyük tarixi Zəfərin qazanılmasında xalqımızın Kənan Rüstəmli kimi mərd, cəsur, vətənpərvər övladlarının əvəzsiz xidmətləri var.

Kənan Yalçın oğlu Rüstəmli 1999-cu il noyabrın 14-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Doğulub boya-başa çatdığı Əsgərabad kəndində Saleh Babayev adına tam orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinə qəbul olunub. BSU-da ali təhsil alarkən nizam-intizamlı, mədəni davranışa malik, elmə, təhsilə ciddi maraq göstərən, daim öz üzərində çalışan, eyni zamanda universitetin sosial-mədəni həyatında fəal iştirak edən bir tələbə-gənc kimi tanınıb.

İdmana xüsusi maraq göstərib, boks və güləşlə məşğul olub.

Vətən müharibəsi başlayarkən müddətli həqiqi hərbi xidmətdə olan Kənan Rüstəmli Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan ərazilərimizin azad edilməsi üçün başladığı hərbi əks-hücum əməliyyatları zamanı Murovdağ silsiləsindəki yüksəkliklərin və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən şiddətli döyüşlər zamanı igidliklə şəhid olan Kənan Rüstəmli Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Kənan Rüstəmli dövlət başçımız İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” , ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə 24 iyun 2021-ci tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü”, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib, xatirəsinin əbədiləşdirilməsi məqsədilə Əsgərabad kəndində adını daşıyan abidə-bulaq kompleksi yaradılıb.Vətəninə, xalqına layiqli övlad olan Kənan Rüstəmlinin mənalı və şərəfli həyat yolu yetişməkdə olan gənc nəsil üçün örnəkdir.

Kənan Rüstəmlinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!

Allah rəhmət eləsin!

Teqlər: