Vətənin, xalqın, dövlətin xilas günü

Müasir Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır

Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə ölkədə xaos, anarxiya hökm sürüb. Mövcud hakimiyyətinin təcrübəsizliyi, dövlət idarəçiliyi sisteminin olmamağı səbəbindən idarəetmədə ciddi səhvlərə yol verilib. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi həmin dönəmdə ölkə daxilində vəzifə kürsüsü uğrunda mübarizə kəskin xarakter alıb. Bununla yanaşı, ayrı-ayrı silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı, bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirib. Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlayıb. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasını təklif ediblər. 1993-cü ilin 4 iyun tarixində Gəncədə qardaş qanı axıdılandan sonra o dövrdəki hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olub. İyunun 9-da Bakıya gələn Heydər Əliyev ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi istiqamətində tədbirlərə əl atıb, tarixi missiyasını həyata keçirib. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Milli Məclisin sədri seçilib və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşüb.

Xalqın səsinə səs verən lider

Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bu tarixi günün əhəmiyyətini şərh edərkən bildirib ki, ağır və mürəkkəb 1991-93-cü illərdə, müstəqilliyimizin hələ kövrək olduğu dövrlərdə yenicə müstəqillik əldə etmiş Azərbaycanı coğrafi-siyasi mövqeyinə görə bir çox dövlətlər öz təsir dairəsinə salmaq istəyiblər. Millət vəkilinin sözlərinə görə, həmin illərdə ölkə daxilində siyasi gərginlik səngimək bilməyib, vəziyyət gündən-günə mürəkkəbləşib: “Gəncəbasar əraziləri Surət Hüseynovun nəzarətində idi. Əlikram Hümbətov Füzuli bölgəsindəki hərbi hissəni geri çəkərək cənub bölgəsinə aparmışdı. Şimalda sadvalçılar fəallaşaraq, siyasi tələblər irəli sürürdülər. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq qalmışdı. Bütün bunlar, eyni zamanda, ölkəni bu hala salan AXC-Müsavat iqtidarının səriştəsizliyi az qala o illərdə müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqutuna gətirib çıxaracaqdı. Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı haqlı olaraq, nicatı yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqın səsinə səs verən ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanların qəlbində böyük inam yaratdı, dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı. Azərbaycanı uçurumun astanasına gətirib çıxaran AXC-Müsavat nümayəndələri də kömək üçün Heydər Əliyevə müraciətlər edirdilər. Onlar da dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər”.

Silahlı dəstələrin Bakıya yürüşünün qarşısı alındı

Deputat vurğulayıb ki, dahi Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas edib, əldən getmək üzrə olan müstəqilliyimizi gücləndirib, onu əbədi və dönməz edib, dövlət qurub və inkişaf etdirib: “Bu gün inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır. Məlum həqiqətdir ki, Gəncə, hər dəfə xalqımızın çox çətin sınaqlara çəkildiyi bir məqamda azadlıq mübarizəsinin beşiyi olub. Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyət olan, “İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə alan, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti müəyyən dövrdə Gəncədə fəaliyyət göstərib və dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edib. 1993-cü ildə Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın, özünün böyük oğlu Heydər Əliyevə üz tutması və onun Gəncəyə gəlməsi, ölkəyə rəhbərliyə buradakı vəziyyəti öyrəndikdən sonra qərar verməsi də təsadüfi deyildi. Ulu öndər ölkədəki hərc-mərcliyin, itaətsizliyin, Gəncədə başlanmış qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını aldı”.

Xilaskarlıq missiyası

N.Həmzəyev söyləyib ki, 1993-cü ilin 4 iyun hadisələri ərəfəsində və ondan sonra respublikada hər hansı dövlət vəzifəsinin məsuliyyətini öz üzərinə götürmək hər kəsdən böyük risk, qətiyyət və hünər tələb edib: “Heydər Əliyev Naxçıvandan özü ilə heç nə gətirməmişdi. Nə ordusu var idi, nə silahı. Ulu öndər bütün məsələlərdə görkəmli dövlət xadimi kimi özünün siyasi və idarəçilik təcrübəsinə, xalqın ona olan dərin sevgisinə arxalanırdı. Elə bu amal da Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsində əsas rol oynadı. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək, Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi. Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi, sözün əsl mənasında, siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir əlamətdar gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq, Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi”.

Teqlər: