İkinci Dünya müharibəsindən və xüsusilə də “Xruşov
istiləşməsi”ndən sonra SSRİ rəhbərliyindən milli ucqarlara qarşı
münasibət müəyyən qədər yumşalsa da, Azərbaycanda milli elitanın
keyfiyyət göstəriciləri heç də xalqın potensialına cavab vermirdi.
Respublikada yaşlı əhalinin tərkibində ali təhsillilərin say
nisbəti orta ittifaq göstəricilərindən aşağı idi. XX əsrdə nəinki
elm, ədəbiyyat və texniki sahədə ziyalılar, hətta bu sahələr üzrə
Azərbaycan xalqının tarixi şəxsləri belə həm dünya, həm də ittifaq
səviyyəsində zəif tanınırdı. Azərbaycan xanlıqlarının ləğvi
dövründən ağrılı və aktual olan bu problemi xalqımız hər dövrün
imkanlarına uyğun maksimum həll etməyə çalışıb. Həm ümumilikdə
cəmiyyət, həm də xalqın tanınmış nümayəndələri – XIX əsrdə İsmayıl
bəy Qutqaşınlı, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundov, Həsən bəy
Zərdabi, XX əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev, neft
milyonçuları, milli-demokrat düşüncəli ziyalılar, ADR qurucuları bu
problemin həllinə öz töhfələrini veriblər. Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonrakı dövrlərdə Nəriman Nərimanov, Əziz
Əliyev, Heydər Hüseynov, Mirzə İbrahimov kimi şəxslər milli
ziyalılarımızın yetişməsində böyük rol oynamışlar. XX əsrin
ortalarından başlayaraq bu tarixi missiyanı, bu rolu tədricən
siyasi səhnədə nüfuz qazanmağa başlayan Heydər Əliyev uğurla həyata
keçirməyə başladı. O, bu istiqamətdə ilk addımlarını respublika
təhlükəsizlik orqanlarında çalışdığı dövrdə atmışdır. Bir tərəfdən
bu struktura bacardığı qədər milli kadrlar cəlb etməklə o,
Azərbaycan xalqının milli maraqlarına güclü dayaq yaradırdı. Xalq
arasından çıxan, milli dəyərlərə və müasir fikirlərə bağlı olan
kadrlar xalqın problemlərinin həllinə daha məsuliyyətlə və daha
yaradıcı yanaşırdılar. Həmçinin, təhlükəsizlik orqanlarına işə
götürülən azərbaycanlı gənclərin özləri də sonradan milli elitanın
qorunmasında, onlara qarşı təqiblərin qarşısının alınmasında böyük
rol oynayacaqdılar. Eyni zamanda, Heydər Əliyev tərəfindən
təhlükəsizlik orqanlarına işə götürülən gənclər sonradan başqa
sahələrə keçərək özləri Azərbaycanın ziyalı təbəqəsinin aparıcı
fiqurlarına çevrilirdilər və respublikada milli düşüncənin,
milli-azadlıq fikirlərinin yayılmasında böyük rol oynayırdılar.
Heydər Əliyev DTK rəhbərliyində olduğu müddətdə ilk növbədə,
çoxsaylı Azərbaycan ziyalılarının təqib edilməsinin və
yaradıcılığına qadağalar qoyulmasının qarşısını aldı. Məhz bu
səbəbdəndir ki, onun DTK-ya və Azərbaycan SSR-yə rəhbərliyi
dövründə ölkəmizdə heç kəs millətçilik, antisovet təbliğatı və
dissident hərəkatlarında iştirakına görə cinayət məsuliyyətinə cəlb
edilmədi. Onun DTK sədri kimi müxtəlif ziyalı kollektivləri ilə və
təklikdə görüşlərində onları yaradıcılığa səsləyir, Azərbaycan
tarixi və mədəniyyəti ilə bağlı tədqiqatlarını dəstəkləyirdi. Həmin
dövrdə erməni millətçilərinin ziyalılarımızın ləkələnməsinə
yönəlmiş hərəkətlərinin qarşısı qətiyyətlə alınırdı. Azərbaycan
ziyalılarının qorunması və qayğı göstərilməsi prosesi Heydər
Əliyevin respublikaya rəhbər təyin edilməsi ilə daha da genişləndi
və bu bir sistem halını aldı.
Heydər Əliyevin 1969-cu ildən Azərbaycana rəhbərlik etməsi onun
xalqımızın milli ziyalı təbəqəsini yaratması üçün imkanlarını xeyli
genişləndirdi. Respublikanın imkanlarının ittifaq tərəfindən
məhdudlaşdırılmasına, ciddi ideoloji çərçivələrin mövcudluğuna,
eləcə də erməni millətçilərinin Moskvaya ciddi təsirinə baxmayaraq
13 illik birinci siyasi hakimiyyət dövründə bir çox böyük və
əhəmiyyətli işlər görmək mümkün oldu. İlk növbədə, Azərbaycanda ana
dilinin rus dili ilə yanaşı, dövlət dili kimi işləməsi üçün ciddi
addımlar atıldı. Bu istiqamətdə Heydər Əliyev hələ DTK sədri
işləyən dövrdə əhəmiyyətli işlər görmüşdü. Onun əmək
kollektivlərində görüşü zamanı Azərbaycan dilində danışması,
1969-cu ilin may ayında Azərbaycan Dövlət Universitetinin 50 illik
yubileyində Azərbaycan dilində çıxış etməsi cəmiyyətdə ciddi
əks-səda doğurmuşdu. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
SSR-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət
dili elan edildi. Bu, milli özünüdərk yolunda atılan ən mühüm
addımlardan biri idi. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili
statusu almasını sadəcə dil məsələsi kimi deyil, həm də
azərbaycançılıq məsələsi kimi dəyərləndirirdi.
Heydər Əliyevin təhlükəsizlik orqanlarında çalışarkən,
Azərbaycanda siyasi hakimiyyətinin bütün dövrlərində və SSRİ
rəhbərliyindəki fəaliyyətinin əsas istiqamətlərindən biri
respublikada ziyalı təbəqəsini formalaşdırmaq, qorumaq və
Azərbaycandan kənarda tanıtmaq olmuşdu. Azərbaycanda ziyalı
təbəqəsinin formalaşmasına olan qayğı Heydər Əliyev fəaliyyətinin
növbəti mərhələlərində də uğurla davam etdirilirdi. Onun müstəqil
Azərbaycana rəhbərlik etdiyi dövrdə isə bu siyasət yaranmış yeni
situasiyadan irəli gələrək daha dərin və məzmunlu həyata
keçirilməyə başlandı.
1969-1982-ci illərdə Heydər Əliyevin səyi nəticəsində
Azərbaycanda beş yeni ali məktəb – Naxçıvan Dövlət Pedaqoji
İnstitutu, Azərbaycan Mühəndislər İnstitutu, Azərbaycan Texniki
İnstitutu, Xankəndi Pedaqoji İnstitutu və Sumqayıt Ali Texniki
Təhsil Məktəbi açıldı. Bunlarla yanaşı, dünyanın müxtəlif
şəhərlərinin nüfuzlu ali məktəblərində Azərbaycan üçün
yüksəkixtisaslı kadr hazırlığına başlandı. 1983-cü ildə SSRİ-nin 49
şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə azərbaycanlı tələbə
təhsil alırdı. Təhsilini başa vurandan sonra onlar Azərbaycana
qayıdaraq mütəxəssis kimi çalışır, bir qismi isə təhsil aldıqları
ölkədə qalaraq elm, incəsənət, iqtisadiyyat sahələrində Azərbaycanı
layiqincə təmsil edir, diasporumuzun əsasını yaradırdılar.
H eydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi,
qətiyyəti və əzmkarlığı ilə dövrümüzün görkəmli siyasi xadimi kimi
tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun
hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil
Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi,
iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt
həyata qovuşması işinə xidmət edəcəkdir. Bütün ömrünü xalqa
sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz fəaliyyətində həmişə
xalqına arxalanmış, ən çətin anlarda ona müraciət etmiş, xalq da
heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə
göstərdiyi böyük etimad hissləri müdrik rəhbərin dəfn mərasimində
də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu,
milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli
görülməmiş təzahürü idi.
1944-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan təhlükəsizlik
orqanlarında xidmətə başlaması yeni bir mərhələnin başlanğıcı oldu.
Belə ki, həmin mərhələdə dahi rəhbər təhlükəsizlik orqanlarında
saflaşdırma və milliləşdirmə kimi mürəkkəb vəzifəni həyata
keçirməklə, savadlı və yerli kadrları irəli çəkmiş, yüzlərlə
azərbaycanlı gənci dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul
etdirmişdir. Eləcə də, xalqın görkəmli və milli ziyalılarını siyasi
təqiblərdən qorumaqla yanaşı, onların əsərlərinə yüksək dövlət
mükafatlarının verilməsinə nail olmuşdur.
Azərbaycanın xüsusi xidmət orqanlarının əsl inkişafı, bu
strukturlarda milliləşmə prosesi 50-ci illərdən etibarən ulu öndər
Heydər Əliyevin fədakarlığı və qətiyyəti sayəsində başlamışdır.
Məhz Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinə, sonradan isə
respublikaya rəhbər təyin olunmasından sonra bu orqanlara dövlət
qayğısı güclənmiş, onun sıralarının saflaşdırılmasına, xalqa,
vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların
vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə,
peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdi. SSRİ
dövründə Azərbaycan xüsusi xidmət orqanları böyük inkişaf yolu
keçdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə isə milli
kadrlarla möhkəmləndi, böyük təcrübə, peşəkarlıq qazandı.
Ötən əsrin 50-ci illərinin ortalarından etibarən stalinizmin
ifşası və bununla əlaqədar repressiv aksiyalara, eləcə də siyasi
terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik
orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Məhz bu
dövrdən başlayaraq respublikanın təhlükəsizlik orqanlarında yeni
ab-hava yaranmağa başladı. Milli kadrlara belə bir ögey münasibət
olduğu dövrdə Heydər Əliyevin Azərbaycan təhlükəsizlik
orqanlarındakı fəaliyyətinə nəzər yetirdikdə görərik ki, öz yüksək
intellektual səviyyəsinə, peşəkarlığına, işgüzarlığına, əməliyyat
şəraitini qiymətləndirmək və təşkilatçılıq bacarığına görə
həmkarlarından daim seçilən xalqımızın dahi oğlu təhlükəsizlik
orqanlarının milliləşdirilməsi sahəsində nə qədər böyük işlər
görmüşdür.
1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat
şöbəsinə rəis təyin olunan Heydər Əliyev təzyiqlərə baxmayaraq,
təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milli
kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər
göstərmişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanda dövlət
təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görülmüş və gələcək
müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında ulu
öndərin böyük xidmətləri olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra
ilk dəfə olaraq azərbaycanlının – Heydər Əliyevin təyin edilməsi bu
orqanın tarixində yeni bir səhifənin başlanğıcı idi. Bu strukturda
ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və
məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli
kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.
Qürurvericidir ki, Azərbaycan tarixində ilk dəfə olaraq xüsusi
xidmət orqanları üçün peşəkar kadrlar hazırlayan ali təhsil
müəssisəsinin yaradılması da ulu öndərin iyirmi dörd il öncə böyük
uzaqgörənliklə qəbul etdiyi qərarla reallığa çevrilmişdir. Ulu
öndər Heydər Əliyev hələ sovetlər dönəmində bu qurumun
sağlamlaşdırılması və milliləşdirilməsi kimi çətin, mürəkkəb, lakin
şərəfli missiyanı uğurla həyata keçirərək vətənpərvərlik
ənənələrinin əsasını qoymuş və möhtəşəm peşəkarlıq məktəbi
yaratmağa nail olmuşdur.
2005-ci ilin dekabr ayının 20-də təhsil ocağına ulu öndərin
adının verilməsi barədə Akademiyanın şəxsi heyəti möhtərəm
Prezident cənab İlham Əliyevə müraciət etmişdir. Ümummilli lider
Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında
əvəzsiz xidmətlərini, xatirəsinin əbədiləşdirilməsini və
Akademiyanın kadr hazırlığı sahəsində qazanılmış nailiyyətlərini
nəzərə alaraq təhsil ocağına dahi rəhbərin adı verilmişdir.
Bu gün ümummilli liderin adını daşıyan Akademiyada ulu öndərin
zəngin dövlətçilik irsi dərindən öyrənilir, o cümlədən dahi
şəxsiyyətin dövlət təhlükəsizliyi orqanlarında xidmət etdiyi
vaxtlarda həyata keçirdiyi əməliyyatlar klassik xüsusi xidmət
fəaliyyətinin unikal nümunələri kimi kursantlara geniş aşılanır və
tədris edilir.
1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa
etdikdən sonra digər dövlət qurumları ilə birgə təhlükəsizlik
orqanlarının da yenidən qurulmasına təkan verildi. Lakin həmin
dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsiz idarəçiliyi,
qətiyyətsiz mövqeyi və şəxsi ambisiyaları ucbatından respublikanı
xaos bürümüş, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi
təhlükəsi yaranmışdı.
Məhz belə bir vaxtda 1993-cü ilin iyul ayında Azərbaycan
xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər dövlət
quruculuğunun bütün sahələrində, o cümlədən təhlükəsizlik
orqanlarının formalaşmasında böyük islahatlar həyata keçirdi.
Təhlükəsizlik orqanlarının normal fəaliyyətini təmin etmək üçün
onun qanunvericilik bazasını yenidən təkmilləşdirdi və vəzifələrini
müəyyənləşdirdi.
Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında
duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinin,
konstitusiya quruluşunun, iqtisadi, müdafiə və elmi-texniki
potensialının, həmçinin həyati əhəmiyyətli digər maraqlarının
qorunması idi. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının,
cinayətkar birliklərin və ayrı-ayrı şəxslərin kəşfiyyat-pozuculuq
və terror-təxribat fəaliyyətlərinin qarşısının alınması,
terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif
təzahürlərinə qarşı mübarizənin səmərəli təşkili əməliyyat-axtarış
və xidməti fəaliyyətin mühüm istiqamətləri kimi həllini
gözləyirdi.
Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə dövlət
orqanlarının birgə və əməli fəaliyyəti nəticəsində vətəndaş
müharibəsi təhlükəsindən qurtulmuş respublikada qısa bir müddət
ərzində əmin-amanlıq, ictimai-siyasi sabitlik təmin edildi,
təhlükəsizlik və asayiş bərqərar olundu. Ölkədə dövlət
quruculuğunun möhkəmləndirilməsi, sosial-psixoloji tənəzzülün və
siyasi gərginliyin tədricən aradan qaldırılması, Azərbaycanda baş
verən hadisələrin həqiqi demokratik müstəviyə keçirilməsi
istiqamətində mühüm işlər görüldü. Dövlət əleyhinə yönəlmiş
qəsdlərin qarşısının alınması, eləcə də qanunsuz silahlı
qruplaşmaların ləğvi istiqamətində qətiyyətli tədbirlər həyata
keçirildi. Çoxlu sayda silah-sursat qanunsuz dövriyyədən çıxarıldı.
Təsadüfi deyil ki, atılan addımlar, nümayiş olunan siyasi iradə
dünyanın əksər dövlətləri tərəfindən müsbət qarşılanaraq təqdir
edildi.
Xalqımız birmənalı olaraq Heydər Əliyev siyasi kursunu dövlətin
müqəddəratının əsas təminatçısı, Azərbaycanın qüdrətlənməsinin və
inkişafının yeganə qarantı kimi qəbul edir. Ulu öndərin 2003-cü
ilin prezident seçkiləri ərəfəsində “Mən Ona özüm qədər inanıram” –
deyə siyasi fəaliyyətinə zəmanət verdiyi cənab İlham Əliyevə olan
misilsiz etimadın da əsas amili məhz bu kursun davamlılığına olan
xalqın tələbi və istəyi idi. Möhtərəm Prezidentin fəaliyyətə
başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”
fikirləri ötən dövrdə tam əksini tapmış, ölkə rəhbərinə olan sonsuz
xalq inamını şərtləndirmişdir. Cənab Prezidentin rəhbərliyi ilə
Azərbaycanın milli inkişaf konsepsiyasının yeni mərhələsi
başlanmış, hərtərəfli tərəqqi və intibah dövrünə qədəm qoyulmuşdur.
İqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqedə olan,
beynəlxalq birlikdə etibarlı tərəfdaş və strateji müttəfiq kimi
qəbul olunan, mühüm beynəlxalq konfranslara və yarışlara
evsahibliyi edən, Avropanın əsas enerji təminatçılarından birinə
çevrilən, əhəmiyyətli qlobal neft-qaz və kommunikasiya xətlərinin
təşəbbüskarı olan Azərbaycan Respublikasının bugünkü böyük
nailiyyətləri məhz Prezident İlham Əliyevin düzgün, məqsədyönlü
fəaliyyətinin tərkib hissəsidir.
Azərbaycanda dövlət təhlükəsizliyinin təminatı sistemi ulu öndər
Heydər Əliyevin vətənpərvərlik irsinə və peşəkarlıq məktəbinə
əsaslanır. Ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə
həsr edən ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinin
və amallarının yaşadılması Azərbaycan təhlükəsizlik orqanlarının
fəaliyyətinin dəyişməz prinsipidir. Bu prinsipin əsasında dövlət
müstəqilliyinin əbədiliyinin və dönməzliyinin qorunması, sabitliyin
və təhlükəsizliyin etibarlı təmin olunması, ölkəmizin hərtərəfli
inkişafı və daha da qüdrətlənməsi dayanır. Həmçinin, bu prinsipin
əsas halqalarından birini işğal altındakı ərazilərimizin azad
edilməsi kimi məsuliyyətli və taleyüklü bir vəzifə təşkil edirdi
ki, bu da ümummilli liderin siyasi kursunun layiqli davamçısı,
möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
qətiyyəti, əzmi və iradəsi nəticəsində gerçəkləşdi.
Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu və
məqsədyönlü daxili və xarici siyasət kursu diplomatiya sahəsində
olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44
günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən
müharibəsi böyük Zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən
isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və
strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad
edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk
dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü
bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər
dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.
Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın
işğaldan azad edilməsi ilk növbədə, Azərbaycan xalqının özünə
inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə
etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da
möhkəmləndirdi.
Ümummilli lider Heydər Əliyevin ideyaları, siyasi irsi,
yaratdığı dövlətçilik məktəbi, ulu öndərin şah əsəri olan, uğrunda
mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və
mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik
Azərbaycan sürətlə inkişaf edir, böyük uğurlar qazanır, Azərbaycan
xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.
D ünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir
zamanda müstəqilliyinin 31-ci ilini əraziləri işğaldan azad olunmuş
məğrur, ləyaqətli xalq kimi qeyd edəcək Azərbaycan xalqı Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi
möhkəm və sıx birləşmişdir.
Azər Qarayev,
Azərbaycan təhlükəsizlik orqanlarının
və
Birinci Qarabağ müharibəsinin
veteranı.